ƏMAS-ın imkanları və qeyri-formal məşğulluğun qarşısının alınması mövzularında maarifləndirici tədbir keçirilib



Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “ƏMAS-ın imkanları və yeniliklər” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları mövzular üzrə çıxış ediblər.
Azturkxeber.az xəbər verir ki, tədbir çərçivəsində “Əmək və Məşğulluq” altsisteminin imkanları, funksional bölmələri və bu istiqamətdə tətbiq edilən son yeniliklər barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin vakant və yeni yaradılmış iş yerləri barədə məlumatların vakansiya bankına daxil edilməsi zamanı nəzərə alınmalı məsələlər diqqətə çatdırılıb, vakansiya bankının işəgötürənlər üçün yaratdığı imkanlardan və üstünlüklərdən bəhs edilib.
Eyni zamanda, qeyri-formal məşğulluğun yaratdığı risklər və mövcud problemlər müzakirə olunub, bu halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.
Dövlət və qeyri-dövlət sektorlarından 42 qurumu təmsil edən ümumilikdə 46 nümayəndənin iştirak etdiyi tədbirin sonunda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: