“Azərpoçt” Çində transsərhəd poçt daşımaları üzrə beynəlxalq təlimdə iştirak edir


Çinin paytaxtı Pekində “Çin–Mərkəzi Asiya ölkələri arasında transsərhəd poçt göndərişlərinin daşınmasının asanlaşdırılması” mövzusunda beynəlxalq təlim proqramına start verilib.
Azturkxeber.az-ın məlumatına görə, 14 gün davam edəcək proqramda Azərbaycan, Macarıstan, Qazaxıstan, Monqolustan və Özbəkistandan nəqliyyat və poçt sahəsi üzrə nümayəndələr iştirak edirlər. Azərbaycanı proqramda “Azərpoçt” MMC-nin nümayəndəsi Madonna Əlixanova təmsil edir.
Pekin və Sujou şəhərlərində keçiriləcək təlimlər transsərhəd poçt daşımalarının asanlaşdırılması, logistika proseslərinin rəqəmsallaşdırılması, standartlaşdırma, yaşıl və aşağı karbonlu həllər, eləcə də pilotsuz texnologiyaların tətbiqi kimi istiqamətləri əhatə edir.
Proqram çərçivəsində iştirakçılar “China Post”, “JD.com”, “SF Express” və digər aparıcı şirkətlərin fəaliyyəti ilə yaxından tanış olacaq, Çinin ağıllı logistika və transsərhəd çatdırılma sahəsində tətbiq etdiyi həllər və qabaqcıl təcrübələri öyrənəcəklər.
Açılış mərasimində çıxış edən Madonna Əlixanova Azərbaycanın Avrasiya nəqliyyat marşrutlarının mühüm qovşağında yerləşdiyini vurğulayaraq, transsərhəd dəhlizlərin inkişafının regional bağlantıların səmərəliliyi baxımından əhəmiyyətini qeyd edib. O, proqramın Çinin transsərhəd poçt göndərişləri və gömrük prosedurlarının asanlaşdırılması sahəsində təcrübəsinin öyrənilməsi, eləcə də iştirakçı ölkələr arasında bilik və təcrübə mübadiləsi üçün mühüm imkan yaratdığını bildirib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: