Baş prokuror Şəki rayonunda vətəndaşları qəbul edib və xidməti mənzillərə baxış keçirib




Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Azturkxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, avqustun 25-də Baş prokuror Kamran Əliyev Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz, Qəbələ rayonları və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak etmiş 28 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Daha sonra Şəki rayonunda xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan, təmiri başa çatdırılan, habelə zəruri mebel və avadanlıqlarla təchiz olunmuş xidməti mənzillər istifadəyə verilib.
Baş prokuror mənzillərə baxış keçirərək burada yaradılmış şəraitlə yerində tanış olub və əməkdaşların sosial-məişət təminatının gücləndirilməsi məqsədilə görülən işləri yüksək qiymətləndirib.
Baş prokuror burada yaradılmış şəraitin Prezident cənab İlham Əliyevin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edərək, buna görə dövlət başçısına təşəkkürünü ifadə edib.
Bildirib ki, görülən tədbirlər regionlarda çalışan prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılmasına, onların xidməti vəzifələrini səmərəli həyata keçirməsi üçün zəruri imkanların yaradılmasına xidmət edir.
Prokurorluq əməkdaşlarının sosial təminatının gücləndirilməsi və xidmət üçün zəruri infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: