azturkxeber.az
http://azturkxeber.az

“Kür” sənədli filmi beynəlxalq layihədə qalib olub

28-07-2026

Gürcüstanda keçirilən Svaneti Beynəlxalq Film Festivalının Beynəlxalq pitçinq bölməsinə Azərbaycandan 2 tammetrajlı sənədli film layihəsi seçilib.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, festival çərçivəsində montaj mərhələsində olan filmlərin pitçinqi üçün “Work-in-Progress” bölməsi və inkişaf mərhələsində olan film layihələri üçün “Pitçinq Forum” təşkil edilib. Pitçinqlərdə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Misir, Qazaxıstan, İtaliya kimi ölkələrdən film layihələri iştirak edib.

Montaj mərhələsində olan layihələrin münsiflər heyəti Doha Film İnstitutunun rəhbəri Xəlil Benkriani, Tribeka Film Festivalının bədii rəhbəri Frederik Boyer, Venesiya, Lokarno, Roma Film festivallarının sabiq direktoru Marko Müller və məşhur iranlı rejissor Amir Naderidən ibarət idi.

Azərbaycanı təmsil edən “14 gün dustaqlıqda” filmi (rejissor Afaq Yusifli, prodüserlər Tahir Tahiroviç, Murad Allahverdi, Afaq Yusifli) “Work-in-progress”, “Kür” tammetrajlı sənədli filmi (rejissor Murad Allahverdi, prodüser Afaq Yusifli) isə Pitçinq Forumda təqdim edilib. “Kür” layihəsi Pitçinq Forumun baş mükafatına – “Ən yaxşı pitçinq və Ən yaxşı layihə” layiq görülüb.

Pitçinq Forumun münsiflər heyəti Turin Film Laboratoriyasının təmsilçisi Alona Şumakova, “Qara Gecələr” Film Festivalının proqramçısı (PÖFF Estoniya) Edvinas Puksta, Gürcüstan Film Akademiyasının sədri Nikolas Abramaşvilidən ibarət olub.

Jürinin qalib layihə üçün qeydi belədir: “Filmin toxunduğu çox vacib mövzu təkcə öz ölkəsini yox, bütün regionu əhatə edir. Filmin monumentallığı, tarixi elementləri və ekoloji xüsusiyyəti diqqət çəkir”.

Qeyd edək ki, bu artıq “Kür” film layihəsinin 4-cü beynəlxalq uğurudur. Bundan əvvəl layihə “KinoLab” layihəsinin pitçinqinin qalibi, CineDoc Mentorluq proqramının iştirakçısı və pitçinqin qaliblərindən biri, Dəyişiklik Beynəlxalq Müştərək istehsal təlim proqramının iştirakçısı olub.

Rejissor Murad Allahverdinin layihədə iştirakına Azərbaycan Kinematoqrafçılar İttifaqı maddi dəstək göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031