Könüllülər yol təhlükəsizliyinin təşviqinə cəlb olunub
“Azərbaycan Könüllülər” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsinin açılış mərasimini keçirib.
İctimai Birlikdən bildirilib ki, iyulun 25-26-da təşkil olunan layihənin məqsədi gənclərin və könüllülərin yol hərəkəti qaydaları üzrə bilik və bacarıqlarının artırılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, yol hərəkəti mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də dayanıqlı şəhər mobilliyi və mikromobillik vasitələrindən təhlükəsiz istifadənin təşviqidir.
Açılış mərasimində çıxış edən Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması təkcə qanunvericilik və nəzarət mexanizmləri ilə deyil, eyni zamanda, cəmiyyətin maarifləndirilməsi və gənclərin fəal iştirakı ilə mümkündür. Layihə çərçivəsində keçiriləcək təlim və praktiki məşğələlər iştirakçıların yol hərəkəti qaydaları, mikromobillik və dayanıqlı şəhər mobilliyi sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.
Sonra layihə çərçivəsində hazırlanmış "Mikromobillik vasitələrindən təhlükəsiz istifadə" mövzusunda maarifləndirici videoçarx təqdim olunub. Videoçarxda velosiped və elektrik skuterlərindən təhlükəsiz istifadə qaydaları, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, velosiped zolaqlarından düzgün istifadə, yol nişanları və işıqforların tələblərinə əməl olunması, piyadalara üstünlük verilməsi, təhlükəsiz sürət rejimi, düzgün parklanma və ekoloji məsuliyyət məsələləri əksini tapıb.
Açılış mərasimindən sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşlarının iştirakı ilə "Mikromobillik vasitələrindən istifadə və dayanıqlı şəhər mobilliyi" mövzusunda interaktiv sessiya keçirilib. Sessiyada iştirakçılar mikromobillik infrastrukturunun inkişafı, velosiped zolaqlarından istifadə qaydaları, təhlükəsiz hərəkət və şəhər mobilliyi sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıblar.
Layihənin ikinci günündə "Vision Zero – Sistemli yol hərəkəti təhlükəsizliyi" mövzusunda təqdimat keçirilib. "İnsanyönümlü şəhərlər" layihəsinin təmsilçisi Arzu Süleymanov beynəlxalq təcrübə, təhlükəsiz şəhər planlaşdırılması və "Vision Zero" yanaşması barədə məlumat verib.
Tədbir yol hərəkəti təhlükəsizliyinin, sağlam həyat tərzinin və ekoloji nəqliyyat vasitələrinin təşviqi məqsədilə təşkil olunan qısaməsafəli veloyürüşlə yekunlaşıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:





