BMU-nun qəbul planında yeniliklər: 3 ikili diplom proqramı və yeni ixtisaslar
Bakı Mühəndislik Universitetinin (BMU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul planında bir sıra yeniliklər nəzərdə tutulub. Yeni ixtisasların açılması, qəbul yerlərinin artırılması və beynəlxalq əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının genişləndirilməsi abituriyentlər üçün əlavə imkanlar yaradır.
Universitetdən bildirilib ki, bakalavriat səviyyəsində ixtisasların sayı 39-dan 41-ə çatdırılıb. Tədris olunacaq ixtisaslar üzrə ümumilikdə 2929 plan yeri ayrılıb ki, bu da ötən illə müqayisədə 344 yer çoxdur. Plan yerlərinin 1885-i Azərbaycan bölməsinin əyani təhsil formasına, 909-u ingilis bölməsinin əyani təhsil formasına, 135-i isə qiyabi təhsil formasına aiddir.
Qəbul planına əlavə edilən yeni ixtisaslar sırasında proqram təminatı mühəndisliyi və beynəlxalq münasibətlər yer alır. Proqram təminatı mühəndisliyi ixtisası üzrə Azərbaycan bölməsinin əyani təhsil formasına 30, beynəlxalq münasibətlər ixtisası üzrə isə ingilis bölməsinin əyani təhsil formasına 25 plan yeri ayrılıb.
Qəbul planında yeniliklərdən biri də bakalavriat səviyyəsində üç istiqamət üzrə ikili diplom proqramlarının həyata keçirilməsidir.
Bu proqramlardan biri BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunur. 2020/2021-ci tədris ilindən “2019-2023-cü illər üzrə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən proqramın müddəti Prezident İlham Əliyevin 2025-ci il 22 iyul tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. Proqramın ikinci mərhələsində kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası (data elmləri), informasiya texnologiyaları və elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə qəbul aparılır.
Digər ikili diplom proqramı BMU ilə Çinin Pekin Kimya Texnologiyaları Universiteti arasında həyata keçirilir. Proqram kimya mühəndisliyi, kompüter mühəndisliyi, mexanika mühəndisliyi, kimya, biotexnologiya və biznesin idarə edilməsi ixtisaslarını əhatə edir. Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramı olan bu layihəyə əsasən, tələbələr 2+2 modeli üzrə təhsil alırlar. BMU-da I və II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurlardan keçdikdən sonra təhsillərini III və IV kurslarda Çində davam etdirərək hər iki universitetin diplomunu əldə etmək imkanı qazanırlar.
Üçüncü ikili diplom proqramı isə bu ildən fəaliyyətə başlayan PKTU-BMU Mühəndislik fakültəsi çərçivəsində reallaşdırılacaq. Fakültədə tədris 3+1 modeli əsasında təşkil olunacaq. Akademik tələblərə cavab verən tələbələr üç il Azərbaycanda, bir il isə Çində təhsil alaraq hər iki universitetin diplomuna yiyələnəcəklər. Fakültədə kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlanacaq. Tədris prosesi hər iki universitetin professor-müəllim heyətinin iştirakı ilə həyata keçiriləcək.
Bildirilib ki, qəbul planında yer alan memarlıq, dizayn (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı) və dekorativ-tətbiqi sənət (bədii keramika, şüşə, xalça, bədii toxuculuq) ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.
Bundan başqa, bakalavriat səviyyəsində qiyabi təhsil forması üzrə də qəbul aparılacaq. Beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə, marketinq, mühasibat, nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) və turizm işinin təşkili ixtisasları qiyabi təhsil formasında da tədris ediləcək. 2026/2027-ci tədris ili üçün BMU-nin bakalavriat səviyyəsi üzrə qəbul planı ilə buradan tanış ola bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: