Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir
Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Xalq şairi Zəlimxan Yaqubun arzusu gerçəkləşir. Onun doğulub boya-başa çatdığı kənddə ev-muzeyinin təməli qoyulub.
Böyük söz ustadının dünyaya göz açdığı ata ocağında keçirilən təməlqoyma mərasimində ziyalılar, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Zəlimxan Yaqub doğma Kəpənəkçidə “Poeziya Evi”nin yaradılmasını arzulayırdı. Onun bu arzusu illər sonra reallığa çevrilir. Ev-muzeyində şairin şəxsi əşyaları, əlyazmaları, kitabları, foto və videoarxiv materialları nümayiş etdiriləcək. Eyni zamanda, burada müxtəlif ədəbi tədbirlər, gənc şairlərlə görüşlər, saz-söz məclisləri və yubiley mərasimləri keçiriləcək.
Təşkilatçılar bildiriblər ki, ev-muzeyi təkcə Zəlimxan Yaqubun yaradıcılığının təbliğinə xidmət etməyəcək. Bu mədəniyyət ocağı həm də Azərbaycan ilə Gürcüstan arasında ədəbi-mədəni körpünün daha da möhkəmlənməsinə töhfə verəcək.
Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, tanınmış politoloq Levan Mamaladze çıxışında deyib: “Bu gün Kəpənəkçi kəndində (Kvemo Bolnisi) çox əlamətdar bir gündür. Zəlimxan Yaqubun ev-muzeyinin təməli qoyuldu. Bu iş üçün kənd sakinləri, bolnisililər, çoxlu sayda insan böyük zəhmət çəkib. Bizim üçün qürur mənbəyidir ki, Azərbaycan–Gürcüstan dostluğunun rəmzinə çevrilmiş belə bir insanın ev-muzeyinin təməli bu gün qoyuldu. Əminəm ki, Gürcüstan hökuməti də bu layihəyə layiqli qiymət verəcək və ev-muzeyi tikilib başa çatdıqdan sonra dövlət tərəfindən dəstəklənəcək. Biz Zəlimxan Yaqubla fəxr edirik. O, Azərbaycanın böyük ictimai xadimi, Xalq şairidir, eyni zamanda, Gürcüstanın yetirməsidir”.
Şairin qardaşı, Çingizxan Yaqubov çıxışında deyib ki, kənddə ev-muzeyinin tikilməsi Zəlimxanın arzusu idi: “Biz çox şadıq ki, bu arzu reallaşdı”.
O, qardaşının Gürcüstana, Bolnisiyə, xüsusən də Kəpənəkçiyə olan sevgisindən, doğma torpaq üçün yazdığı şeirlərdən danışıb və bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə professor Şurəddin Məmmədli Zəlimxan Yaqub yaradıcılığının Türk dünyası üçün əhəmiyyətindən, onun sözünün sərhəd tanımadığından bəhs edib. Bildirib ki, Zəlimxan Yaqubun şeirləri təkcə Azərbaycanda deyil, Gürcüstanda, Türkiyədə və digər türk ölkələrində sevilə-sevilə oxunur. Onu böyük sevgi ilə bütün Türk dünyasının şairi adlandırırlar.
“Ev-muzeyi gələcək nəsillər üçün bir məktəb, iki dost xalq arasında mənəvi bağ olacaq”, -deyə Ş.Məmmədli bildirib.
Layihənin təşkilatçılarından olan Cəbrayıl Şahverdov bildirib ki, tikinti işləri yaxın bir il ərzində başa çatdırılacaq və muzey ziyarətçilərin üzünə açılacaq. Onun sözlərinə görə, bu işdə əsas yükü kənd sakinləri öz üzərinə götürüblər.
Qeyd edək ki, Zəlimxan Yaqub 1950-ci ildə Kəpənəkçi kəndində doğulub. O, Azərbaycan poeziyasına yeni nəfəs gətirən, xalqın dərdini, sevincini sözə çevirən şair kimi tanınıb. “Yalqızlıq”, “Gözlə məni”, “Ana dili” və digər şeirləri bu gün də dillər əzbəridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

