azturkxeber.az
http://azturkxeber.az

Vəkillər Kollegiyası: Bir vəkil xaric edilib, bir vəkilə xəbərdarlıq olunub

15-07-2026

Vəkillər Kollegiyası: Bir vəkil xaric edilib, bir vəkilə xəbərdarlıq olunub

İyulun 15-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan bildirilib ki, iclası açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran prioritet istiqamətlər barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bir sıra təşkilati, maliyyə və kadr məsələləri müzakirə edilib. Belə ki, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi ilə bağlı, habelə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında təmir işlərinin aparılmasına maliyyə dəstəyinin ayrılması barədə müraciətə baxılaraq müsbət qərarlar qəbul olunub.

Bundan başqa, Naxçıvan Dövlət Universitetinin müraciətinə baxılaraq, ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində yaradılacaq "Hüquqi Təcrübə və Tədqiqat Mərkəzi"nin maddi-texniki bazasının formalaşdırılmasına maliyyə dəstəyinin göstərilməsi, habelə hüquqşünaslıq ixtisası üzrə təhsil alan üç tələbəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən xüsusi təqaüdün ayrılması qərara alınıb.

Həmçinin iclasda sığorta ödənişlərini icra etməyən fərdi qaydada fəaliyyət göstərən bəzi vəkillərlə bağlı məsələ müzakirə olunub. Rəyasət Heyəti tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla məsələnin həlli istiqamətində qərar qəbul edilib.

Daha sonra əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə Vəkillər Kollegiyası Aparatının əməkdaşı Gözəl Hüseynzadə Rəyasət Heyətinin qərarı ilə fəxri fərmanla təltif olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031