azturkxeber.az
http://azturkxeber.az

“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfəyədək artıb

10-07-2026

“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfəyədək artıb

“Startap” şəhadətnaməsi almış kiçik və orta biznes subyektlərinin (KOB) ümumi dövriyyəsi təqribən 2 dəfə, orta işçi sayı isə 18 faiz artıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, “Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin fəaliyyətində müsbət dinamika müşahidə olunur. Aparılmış təhlillərə əsasən, bir sıra startaplarda biznes fəaliyyətinin genişləndiyi, məşğulluq imkanlarının artdığı müəyyən edilib. 2025-ci ildə müvafiq sənədi almış 59 KOB subyekti üzrə aparılmış təhlillər göstərir ki, onların ümumi dövriyyəsi 2024-cü ildəki 3,2 milyon manatdan ötən il 6,1 milyon manata yüksələrək təxminən 2 dəfə artıb. Bu dövrdə müvafiq müəssisələrdə çalışanların orta işçi sayı 183 nəfərdən 216 nəfərə çatıb ki, bu da 18 faiz artım deməkdir.

Dövriyyəsində və işçi sayında artım qeydə alınan layihələr əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat və logistika, turizm və biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində fəaliyyət göstərən startaplardır. Müvafiq sənədi almış startaplar bazara bir sıra innovativ məhsul və xidmətlər təqdim ediblər. Bəzi startaplar yerli və xarici investorlardan sərmayələr cəlb ediblər.

Bu göstəricilər “Startap” şəhadətnaməsinin innovativ bizneslərin formalaşmasına, məşğulluğun artmasına və startapların iqtisadi fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərdiyini nümayiş etdirir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. “Startap” şəhadətnaməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilir. İndiyədək 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031