Fransada artan intihar halları ilə bağlı hökumətə çağırış edilib
Fransada səhiyyə mütəxəssisləri, tədqiqatçılar və ictimai təşkilatların nümayəndələri hökuməti intiharların qarşısının alınmasında səyləri gücləndirməyə çağırıblar.
Azturkxeber.az xəbər verir ki, yerli mətbuatın yaydığı açıq məktubda müəlliflər bu istiqamətdə dövlət dəstəyinin kifayət etmədiyini bildiriblər.
Məktubda hökumətin bu sahədə fəallığının azaldığı qeyd edilərək, profilaktika mexanizmlərinin zəifləməsi riskindən narahatlıq ifadə olunub. Müəlliflər intiharların qarşısının alınmasına ayrılan maliyyənin qorunmasını, eləcə də dövlət qurumları, tədqiqatçılar, səhiyyə işçiləri və vətəndaş cəmiyyəti arasında daha sıx əməkdaşlığın qurulmasını təklif ediblər.
Mütəxəssislərin sözlərinə görə, Fransada orta hesabla hər saat bir nəfər intihar edir, təxminən 500 nəfər isə intihara cəhd göstərir. Onlar xatırladıblar ki, intihar 15–25 yaşlı gənclər arasında ölümün ikinci əsas səbəbidir və son beş ildə gənc qadınlar arasında intihar cəhdlərinin sayı iki dəfədən çox artıb.
Fransa İctimai Səhiyyə Agentliyinin məlumatına görə, ölkədə hər il təxminən 9 min nəfər intihar nəticəsində həyatını itirir ki, bu da Fransanı Avropada intihar göstəricisinin yüksək olduğu ölkələrdən birinə çevirir.
Fransa Səhiyyə Nazirliyi isə cavab olaraq intiharların qarşısının alınmasının dövlət üçün prioritet olaraq qaldığını bildirib. Nazirlik qeyd edib ki, 2026-cı ilin "Milli Psixi Sağlamlıq İli" çərçivəsində bu istiqamətdə tədbirlər davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: