azturkxeber.az
http://azturkxeber.az

Maddi Durum və Intihar: Dünya statistikaları

14-05-2025


“Dünyanın aparıcı psixoloqları bu məsələyə dair müxtəlif elmi araşdırmalar aparırlar. Onlar intiharların əsas səbəblərindən biri kimi maddi durumun zəifliyini göstərirlər. Lakin statistik göstəricilər təsdiqləyir ki, intihar halları daha çox iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə qeydə alınır.

Bu da onu göstərir ki, burada sırf psixoloji amillər ön plandadır. Hazırda psixologiya elmi, eləcə də sosioloqlar və digər tədqiqatçılar intiharların artma səbəblərini tam şəkildə müəyyənləşdirə bilməyiblər. “Niyə intihar halları artır?” sualı hələ də tam cavabını tapmayıb. Bəzi mütəxəssislər hesab edir ki, bəlkə də, bu sahədə məlumatlarımız artıb və əvvəllər baş verən bir çox hal sadəcə statistikaya düşməyib. Axı kim əminliklə deyə bilər ki, əvvəlki dövrlərdə intihar halları indiki qədər olmayıb?

Sadəcə olaraq, o dövrlərdə bu qədər informasiya bolluğu yox idi. Hər an, hər saniyə xəbər dəyişmirdi. Bir məlumatı qəzetdən oxumaq üçün bəzən 10 gün gözləyirdik. Yəni informasiya dövriyyəsi bu qədər sürətli deyildi. Bu baxımdan, bu gün intiharların artdığı ilə bağlı yekun və qəti fikir bildirmək çətindir. Ola bilər ki, sadəcə qeydəalma və məlumatlılıq səviyyəsi artıb. Mümkündür ki, bunun da öz təsiri var”.

Onun fikrincə, ikinci vacib məsələ məsuliyyətin yalnız bir şəxsə və ya qrupa yönəldilməsinin yolverilməzliyidir:

“Əslində, bu məsələdə cəmiyyətin hər bir üzvünün müəyyən məsuliyyəti var. İntiharlara aparan müxtəlif səbəblər mövcuddur və bu istiqamətdə sosioloqlar tərəfindən geniş araşdırmalar aparılır. Əsas məqsəd bu səbəblər arasında daha təsirli olanları müəyyənləşdirmək və məhz həmin istiqamətdə tədbirlər görməkdir. Araşdırmalıyıq: intihar hallarına əsasən hansı faktorlar səbəb olur, hansı amillər daha çox təsir göstərir?

Bu baxımdan ən həssas və risk qrupunda olanlar gənclər, xüsusən də yeniyetmələrdir. Məhz bu səbəbdən onlarla daha məqsədyönlü və sistemli şəkildə işləmək zəruridir. Statistika göstərir ki, intihara meyillilik daha çox keçid dövründə — yəni yeniyetməlik və gəncliyin ilk mərhələlərində özünü büruzə verir. Bu yaş dövründə psixoloji həssaslıq yüksək olur. Məsələn, ali məktəbə qəbul ola bilməmək, arzulanan məqsədlərə çatmamaq, ailədən və ətraf mühitdən kifayət qədər dəstək görməmək gənclərdə ümidsizlik hissi yarada bilər.

Belə vəziyyətlərdə gənc bir insan ani emosional gərginlik fonunda intihara cəhd edə bilər. Buna görə də keçid yaş dövründə olan uşaqlara, yeniyetmələrə və gənclərə xüsusi diqqət yetirilməlidir. Onların yanında olmaq, psixoloji dəstəyə çıxış imkanlarını asanlaşdırmaq bu gün cəmiyyət olaraq qarşımızda duran ən mühüm vəzifələrdən biridir”.

Deputatın sözlərinə görə, bu məsələdə xüsusilə məktəb psixoloqlarının üzərinə böyük məsuliyyət düşür:

“Məktəbdə sinif rəhbərləri, valideynlər və ümumilikdə cəmiyyət bu prosesdə birgə şəkildə fəaliyyət göstərməlidirlər. Yəni məktəb–valideyn–cəmiyyət üçbucağı daha sıx əməkdaşlıq etməli, bu əməkdaşlıq real və praktik səviyyədə hiss olunmalıdır. Gəncin psixoloji vəziyyətini vaxtında dəyərləndirmək və müdaxilə etmək üçün bu üç tərəfin qarşılıqlı və koordinasiyalı fəaliyyəti olduqca vacibdir.

Əgər uşaqda və ya gəncdə intihara meyllilik müşahidə olunarsa, o, ilk növbədə sinif rəhbərinə və ya məktəbin psixoloquna müraciət etməlidir. Psixoloq isə bu vəziyyəti gizlətməməli, dərhal valideyni məlumatlandırmalıdır. Tərəflər arasında məlumat mübadiləsi gecikmədən həyata keçirilməli, informasiya zənciri qırılmamalıdır. Belə hallarda risk qrupuna daxil olan uşaqlara və gənclərə xüsusi diqqət, dəstək göstərilməlidir. Çünki bəzən bircə səbəb, ani emosional gərginlik və ya qısamüddətli ruh düşkünlüyü insanı faciəvi qərar verməyə sürükləyə bilər.

Ümumilikdə, məktəblərdə psixoloq sayının artırılması son dərəcə vacibdir. Mövcud şəraitdə məktəblərin ölçüsü və şagird sayı ilə müqayisədə psixoloq sayı yetərli deyil. Adətən, bu vəzifəni bir, ən yaxşı halda iki nəfər icra edir. Bu isə təbii ki, kifayət etmir. Uşaqların psixoloji vəziyyəti ilə effektiv şəkildə işləmək üçün kifayət qədər peşəkar mütəxəssis cəlb olunmalıdır. Bu sahəyə xüsusi diqqət və resurs ayrılmalıdır. Bununla yanaşı, məsuliyyət təkcə psixoloqların deyil – müəllimlər, valideynlər və ümumilikdə cəmiyyətin hər bir üzvünün üzərinə düşür. Ətrafımızdakı insanlara qarşı daha diqqətli və həssas yanaşmalıyıq.

Risk altındakı şəxslərə, xüsusilə uşaqlara qarşı daha diqqətli yanaşmaq zəruridir. Cəmiyyət üzvlərində sosial məsuliyyət hissi gücləndirilməlidir. Ətrafımızda özünə qapanan, susqunlaşan, daxili narahatlıq keçirən insanlar – xüsusilə də uşaqlar – çox zaman açıq şəkildə kömək istəməsələr də, davranışları və baxışları ilə bunu ifadə edirlər. Biz onların bu səssiz çağırışlarını görməyi və anlamağı bacarmalıyıq.

Bu problemin həllində məsuliyyəti başqasının üzərinə atmaqla nəticə əldə etmək mümkün deyil. “Media günahkardır” və ya “cəmiyyətin günahıdır” deyərək məsələni bağlamaq düzgün yanaşma deyil. Hər bir şəxs – istər media nümayəndəsi, istər müəllim, istər valideyn, istərsə də sadə vətəndaş, üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Problemin həlli qarşılıqlı ittihamlar deyil, hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsindən keçir.

Bu məsələdə yalnız dövlətin deyil, vətəndaş cəmiyyətinin, yerli icmaların, bələdiyyələrin və ümumilikdə hər bir fərdin üzərinə mühüm məsuliyyət düşür. Hamımız bu məsələdə diqqətli olmalıyıq. Diqqət, diqqət və bir daha diqqət — bu, cəmiyyət olaraq bizim üzərimizə düşən ən önəmli vəzifədir. Heç kim bu problemi “məndən yanadır” deyərək kənara ata bilməz.

Milli Məclisin deputatı Vüqar İskəndərov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031