Dövlət Sərhəd Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə tədbiri




Dövlət Sərhəd Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən müxtəlif ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin DSX Akademiyasına ekskursiyası təşkil olunmuşdur.
Azturkxeber.az xəbər verir ki, tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmiş, güllər düzmüşlər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşdırılmasının vacibliyini vurğulamış, dövlətçilik ənənələrinin qorunması, Vətənə xidmətin şərəfli missiya olması və gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs etmişlər.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərin milli ruhda, dövlətə və xalqa bağlı, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişdirilməsidir.
Daha sonra Akademiyanın kursantları tərəfindən milli musiqi alətlərinin müşayiəti ilə özfəaliyyət proqramı nümayiş etdirilmişdir. Kursantların ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.
Tədbir çərçivəsində Vətən Müharibəsi Qəhrəmanları Elvin Səfərov və Anar Məmmədov məktəblilərlə görüşərək tarixi Zəfərin qazanılmasında döyüş meydanında Azərbaycan sərhədçilərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələrindən və keçdikləri şərəfli döyüş yolundan ətraflı bəhs etmiş, gənclərə dövlətçilik ənənələrinə bağlılıq və milli ruhun qorunmasının əhəmiyyətinə dair tövsiyələr vermişlər.
Tədbirin rəsmi hissəsindən sonra məktəblilər Dövlət Sərhəd Xidmətinin Akademiyasında kursantların təlim-tədris prosesi, yaşayış şəraiti və asudə vaxtlarının təşkili ilə yaxından tanış olmuş, onlarla birgə nahar etmişlər.
Görüş zamanı şagirdlərə hərbi təhsil sistemi, sərhədçi peşəsinin məsuliyyəti və Akademiyada yaradılmış müasir şərait barədə ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkdirilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: