azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

19-06-2026

Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, yüksəkixtisaslı ekspert kadrların hazırlanması və elmlə praktikanın vəhdətinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Azturkxeber.az xəbər verir ki , Memoranduma əsasən qurumlar yüksəkixtisaslı kadrların hazırlanması və onların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi, müvafiq sahələr üzrə təhsil proqramlarına məhkəmə ekspertizasına dair seçmə fənlərin daxil edilməsi, məhkəmə ekspertlərinin nəzəri və praktiki hazırlığının beynəlxalq standartlara uyğun təşkili, habelə onların bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində universitetin memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, materiallar mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, yerquruluşu və daşınmaz əmlakın kadastrı, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, maşın və mexanika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və digər ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçmələri üçün şərait yaradılacaq. Eyni zamanda, məhkəmə tikinti-texniki, məhkəmə-kompüter texniki, məhkəmə-yerquruluşu və yol-nəqliyyat hadisələrinin ekspertizası və əməyin təhlükəsizliyinin tədqiqi sahələri üzrə xüsusi təlim proqramlarının hazırlanması, elmi araşdırmaların aparılması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Memorandum məhkəmə ekspertizası sahəsində elmi biliklərin genişləndirilməsi, təhsil və praktika arasında əlaqələrin möhkəmləndirilməsi, gənc mütəxəssislərin ekspert fəaliyyətinə cəlb olunması və ölkədə ekspertiza fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına töhfə verəcək mühüm əməkdaşlıq platforması formalaşdırır.

Qeyd edək ki, Əməkdaşlıq Memorandumu Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da nəzərdə tutulan tədbirlərin, o cümlədən məhkəmə eksperti ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyənləşdirilməsi və bu sahələr üzrə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi istiqamətində işlərin həyata keçirilməsi məqsədilə imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930