Azərbaycanın qlobal enerji təhlükəsizliyində artan rolu

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri enerji sektorunun inkişafıdır. Azərbaycan bu sahədə əldə etdiyi nailiyyətlərlə təkcə regionun deyil, həm də Avropa və dünya enerji bazarının mühüm iştirakçılarından birinə çevrilib.
Ölkəmizin zəngin enerji resurslarından səmərəli istifadə olunması, neft və qaz ixrac marşrutlarının şaxələndirilməsi, beynəlxalq enerji layihələrinin uğurla reallaşdırılması Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirib.
Bu gün Azərbaycan etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir. Xəzər dənizinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını təmin edən strateji layihələr, xüsusilə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər mühüm enerji infrastrukturları ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfənin bariz nümunəsidir. Bununla yanaşı, son illərdə bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsasını qoyub.
Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti yalnız iqtisadi inkişafın təmin olunmasına deyil, həm də milli təhlükəsizliyin möhkəmləndirilməsinə, ölkənin beynəlxalq nüfuzunun artırılmasına və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət edir. Bu baxımdan, Azərbaycanda enerji sahəsində keçirilən tədbirlər, beynəlxalq forumlar və qəbul olunan strateji qərarlar ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
İyunun 1-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi.
Dövlət başçımız tədbirdə çıxış etdi. Cənab Prezident çıxışı zamanı 1996-cı ildə imzalanmış “Şahdəniz” müqaviləsini xatırlatdı. “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında və Avropanın enerji xəritəsinin dəyişməsində tarixi əhəmiyyətə malikdir. Bu müqavilə ilə Azərbaycanın müasir qaz sənayesində yeni mərhələnin əsası qoyuldu, ölkəmiz sonrakı dövrdə getdikcə daha çox dövlətin enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verməyə başladı.
Müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyan Xəzər Neft və Qaz Sərgisi zaman keçdikcə dəyişərək “Bakı Enerji Həftəsi” adlandırıldı. Bu gün Bakı Enerji Həftəsi yalnız regional deyil, qlobal enerji gündəliyinin formalaşdırıldığı nüfuzlu beynəlxalq platformalardan biridir. Dünyanın aparıcı enerji şirkətlərinin, dövlət rəsmilərinin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən tədbir enerji təhlükəsizliyi, enerji keçidi və yeni investisiya imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları məktubları xüsusi vurğulaması Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mühüm tərəfdaş kimi qəbul edildiyini göstərir.
Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri enerji siyasətinə münasibətdə praqmatik yanaşmanın vacibliyi oldu. Dövlət başçısı uzun illər ərzində neft və qaz istehsalçısı ölkələrin müxtəlif təzyiqlərlə üzləşdiyini, lakin son dövrlərdə bu yanaşmanın dəyişməyə başladığını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinlikləri xatırlatdı, belə çətin bir dövrdə enerji sektorunun ölkənin inkişafındakı həlledici rolunu xüsusi vurğuladı. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə başlayan enerji strategiyası Azərbaycanı iqtisadi böhrandan çıxararaq regionun aparıcı dövlətinə çevirdi.
Bu gün isə Azərbaycan investisiya cəlb edən ölkədən beynəlxalq investisiya yatıran dövlətə çevrilib ki, bu da öz növbəsində həyata keçirilən enerji siyasətinin uğurunun göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri enerji resurslardan əldə edilən gəlirlərin necə idarə olunmasının vacibliyi idi.
Azərbaycan enerji gəlirlərini sosial infrastrukturun inkişafına, təhsilə, səhiyyəyə, nəqliyyat layihələrinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəldib. Bunun nəticəsində yoxsulluq səviyyəsi 5 faizə enib, xarici borc minimum səviyyəyə düşüb və ölkənin strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyib.
Son illər ərzində həyata keçirilən hərbi quruculuq siyasəti nəticəsində Azərbaycan regionun ən güclü ordularından birini formalaşdırdı. Məhz iqtisadi güc və milli birlik sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkənin ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycanın həyata keçirdiyi Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri qlobal enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərlərdir. Dövlət başçımız “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini xüsusi vurğuladı. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcək və dövlətimizin qlobal enerji təhlükəsizliyinə töhfəsi artacaqdır.
Bu gün Azərbaycan qazı artıq 16 ölkəyə ixrac edilir və həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun göstəricisidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan qazına olan tələbat artmaqda davam edir və yeni yataqların işlənməsi ölkənin ixrac potensialını daha da genişləndirəcək.
Bununla belə, bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Cari ilin may ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Italiana Petroli” (IP) şirkətinin səhm paketinin satın alınması prosedurunu yekunlaşdırıb. Bununla da Aralıq dənizi hövsəsində emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəldi.
Azərbaycan yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz etməkdədir. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur.
Azərbaycanın enerji strategiyasının mühüm istiqamətlərindən biri də xarici bazarlara investisiyaların artırılmasıdır. Bu gün SOCAR artıq Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionlarında iri layihələr həyata keçirir.
Neft emalı və neft-kimya sektorunda genişlənən fəaliyyət, beynəlxalq aktivlərin alınması və yeni bazarlara çıxış Azərbaycanın enerji sektorunda qlobal oyunçu statusunu möhkəmləndirir.
Prezident İlham Əliyevin çıxışında bərpaolunan enerji sahəsi xüsusi yer tutur. Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malik olsa da, enerji keçidi prosesində fəal iştirak edir.
Gələn ilin sonuna qədər ölkədə günəş və külək enerjisi üzrə 2 giqavat, 2032-ci ilədək isə 8 giqavat gücün yaradılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hidroenerji layihələri də bu strategiyanın mühüm tərkib hissəsidir.
Bu layihələrin həyata keçirilməsi ilə Azərbaycanın həm enerji ixracatçısı, həm də yaşıl enerji istehsalçısı kimi mövqeyini gücləndirəcək.
Qara dəniz Enerji Kabeli layihəsi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji marşrutu və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı yeni geoiqtisadi reallıqlar yaradır.
Bununla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi və Zəngəzur dəhlizinin perspektivləri Azərbaycanın Avrasiya məkanında əsas logistika və enerji mərkəzlərindən birinə çevrilməsini sürətləndirir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız enerji istehsalçısı ölkə deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasına təsir göstərən strateji aktordur. Ölkənin həyata keçirdiyi balanslaşdırılmış enerji siyasəti, beynəlxalq əməkdaşlıq təşəbbüsləri, yaşıl enerji layihələri və nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır.
Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin qarşılıqlı bağlılığı daha da güclənir. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında bu reallığı düzgün qiymətləndirərək həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməyə davam edir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: