Azərbaycan Texnologiya Universitetində Karyera Festivalı öz işinə başlayıb.
Azturkxeber.az xəbər verir ki, Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə KOB Evinin direktoru Orxan Abbasov, “Kapital” Bankın Gəncə filialının direktoru Vüqar Paşayev, idarə, müəssisə, təşkilat rəhbərləri və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.
Yaşar Ömərov çıxış edərək bildirib ki, ölkədə insan kapitalının inkişafı və əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə ATU-da məzun yarmarkalarının formatı yenilənərək artıq ikinci ildir ki, Karyera Festivalı şəklində təşkil olunur.
Qeyd olunub ki, festival çərçivəsində keçirilən Əmək Yarmarkası, Karyera Forumu, təlimlər və infosessiyalar tələbələrin əmək bazarına daha yaxından inteqrasiya olunmasına və peşəkar bacarıqlarının inkişafına xidmət edir.
Çıxış edən rəsmilər bu cür tədbirlərin əhəmiyyətini vurğulayaraq tələbələrə uğurlar arzulayıblar.
Daha sonra tələbələr Əmək yarmarkasında iştirak ediblər. Bu il bakalavriat üzrə 745, magistratura üzrə isə 90-dan çox tələbə müxtəlif müəssisə və təşkilatların vakansiyaları ilə tanış olub. Yarmarkada Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”, “AzerGold”, ASAN xidmət, KOBİA, “Azersun Holding”, ABB, Kapital Bank, Bank Respublika, Unibank və digər qurumlar da daxil olmaqla 40-dan çox dövlət və özəl təşkilat iştirak edib, 400-dən artıq vakansiya təqdim olunub.
Qeyd edək ki, iki gün davam edəcək festival çərçivəsində sabah Karyera Forumu və müxtəlif təlim və infosessiyalar da keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.