Aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında şəffaflıq xüsusi əhəmiyyət daşıyır – Sahibkarlarla görüş
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında şəffaflığın və effektiv nəzarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, idxal olunan xammal yalnız istehsal edilən məhsulun tərkibinə uyğun şəkildə istifadə edilməli, hər bir məhsul üzrə tərkib isə açıq və dəqiq formada təqdim olunmalıdır.
Bununla yanaşı, xammalın ölkəyə daxil olmasından son məhsulun əldə edilməsinədək bütün istehsal mərhələlərinin izlənilə bilən və müvafiq qaydada sənədləşdirilməsi vacibdir. Sahibkarlara bir daha xatırladılıb ki, ölkəyə idxal edilən bu növ xammalın ayrıca satışına yol verilmir və bu qaydanın pozulması ciddi hüquqi məsuliyyət yaradır.
Eyni zamanda, qeyd olunub ki, aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında istifadə olunan xammalın idxalı zamanı prosedurların sadələşdirilməsi, operativliyin artırılması və sahibkarlar üçün daha əlverişli mühitin formalaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.
Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


