Baş Prokurorluq: Əhməd Əhmədovun tibb müəssisəsindən azad edilməsi barədə yayılan məlumat həqiqətəuyğun deyil
Bəzi sosial şəbəkə subyektləri tərəfindən 2024-cü il fevralın 13-də paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad edilməsi barədə həqiqətəuyğun olmayan məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda cəmiyyətdə süni ajiotaj yaratmağa, ictimai rəyi bilərəkdən çaşdırmağa xidmət edən bu cür uydurma məlumatları qəti şəkildə pislənildiyi və təkzib edildiyi bildirilib.
Qeyd edilib ki, böyük ictimai rezonansa səbəb olmuş cinayətin başvermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməllərinin xarakteri və təqsirliliyi, eləcə də digər sübut edilməli olan hallar ibtidai istintaq zamanı prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.
Həmçinin Əhməd Əhmədovun qeyd olunan xüsusilə ağır cinayəti anlaqsız vəziyyətdə törətməsi, eləcə də cəmiyyət üçün təhlükəli olması ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışının gedişində tədqiq olunmuş mötəbər dəlillər əsasında sübuta yetirildiyindən qanunvericiliyin tələblərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.10.2024-cü il tarixli qərarı ilə ona cəza təyin edilməyib və ixtisaslaşmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicəyə göndərilib.
Əhməd Əhmədovun stasionar müalicəsi həkimlərin ciddi nəzarəti altında hazırda müvafiq psixiatriya xəstəxanasında davam etdirilir və onun xəstəxanadan buraxılması tamamilə cəfəngiyatdır.
“Xatırladaq ki, ictimaiyyətdə süni təşviş yaradan bu cür yalan informasiyaların yayılması birbaşa hüquqi məsuliyyətə səbəb olur. Qeyd edilənləri nəzərə alaraq, vətəndaşlardan aidiyyəti dövlət qurumları ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların paylaşılmasından çəkinməyi bir daha xahiş edirik”, - deyə məlumatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: