DİN: Qarabağda nizam-intizam hər kəsin vətəndaşlıq borcudur




Daxili İşlər Nazirliyi Novruz və müqəddəs Ramazan bayramlarını Qarabağda qeyd edən vətəndaşlara və ölkəmizin qonaqlarına müraciət edib.
Bayram günlərində ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidmət apardığı, bütün zəruri tədbirlərin görüldüyü qeyd olunub.
Azturkxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən şəxslər əvvəlcədən müvafiq portalda qeydiyyatdan keçməlidirlər. Şəxsi avtomobillə səfər edən vətəndaşlar isə müəyyən edilmiş marşrutlardan kənara çıxmamalıdırlar.
Məlumata görə, əraziyə tez alışan və partlayıcı maddələrin aparılması qəti qadağandır. Vətəndaşlara yalnız istirahət üçün nəzərdə tutulmuş məkanlara üz tutmaları tövsiyə edilir.
DİN vətəndaşları Qarabağda ictimai qaydalara əməl etməyə, nümunəvi davranış nümayiş etdirməyə çağırıb və bunun hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.
Sonda qeyd olunub ki, bayram günlərinin xoş əhval-ruhiyyədə və təhlükəsiz şəraitdə keçməsi hər kəsin məsuliyyətli davranışından asılıdır.
Bayramlarınız mübarək!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: