azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət” Qvineyada tətbiq ediləcək

16-03-2026

16-17 mart 2026-cı il tarixində Qvineya Respublikasının inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Burunonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.

Azturkxeber.az xəbər verir ki, səfərin ilk günü qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra qvineyalı qonaqlar “ASAN xidmət” mərkəzinə səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” imzalanıb.

Saziş “ASAN xidmət” təcrübəsinin Qvineyada tətbiqini, eləcə də qvineyalı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübələrin Qvineya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Qvineyalı nazir “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, qısa müddət ərzində ölkəmizin müvafiq sahədə qabaqcıl təcrübəsinin Qvineyada tətbiq etmək niyyətində olduqlarını ifadə edib.

Ölkəmizə səfər çərçivəsində qonaqlar Zəfər abidəsini ziyarət edəcəklər.

Həmçinin “ASAN xidmət”in mütəxəssisləri tərəfindən müxtəlif sahələri əhatə edən təqdimatlar baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031