Ombudsman Səbinə Əliyeva uşaq müəssisəsinə baş çəkib




Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması məqsədilə Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinə baş çəkib.
Monitorinq zamanı müəssisə rəhbərliyi tərəfindən Müvəkkilə məktəbin fəaliyyəti və mövcud vəziyyət barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, Ombudsman müəssisənin yataqxana, yeməkxana, tibb, sinif və digər inzibati otaqlarına baxış keçirib, uşaqların təhsili, asudə vaxtının, qidalanmanın və sənədləşmənin təşkili vəziyyəti ilə maraqlanıb.
Səbinə Əliyeva müəssisədə uşaqların 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladıqları çıxışlarını izləyib. Müvəkkil şagirdlərlə görüşərək onlarla səmimi söhbət aparıb, uşaqların fikirlərini dinləyib, onlara hüquq və vəzifələri, habelə Ombudsmana müraciət formaları barədə geniş məlumat verib.
Müvəkkilin təşəbbüsü ilə təsisat tərəfindən görmə qabiliyyəti tam məhdud şəxslər üçün Brayl əlifbası ilə hazırlanmış “İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm” adlı xüsusi maarifləndirici vəsait və uşaq hüquqlarına dair nəşrlər müəssisəyə təqdim edilib.
Monitorinqin yekunu olaraq Ombudsman tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının tələbləri də nəzərə alınmaqla uşaqların hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: