Ombudsman “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində iştirak edib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində iştirak edib.
Müvəkkil 8 Noyabr – Zəfər Günü ərəfəsində keçirilən müzakirələrdə çıxışı zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildiyini bildirib. O, uğurla həyata keçirilən Böyük Qayıdış proqramının otuz ildən çox doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın təhlükəsiz qayıdışına və pozulmuş fundamental hüquqlarının bərpa olunmasına xidmət etdiyini diqqətə çatdırıb.
Sonra Ombudsman insan hüquq və azadlıqlarının təmini sahəsində səmərəliliyin daha da artırılması məqsədilə növbəti ilin dövlət büdcəsi üçün bir sıra təkliflərlə çıxış edib.
Müvəkkil şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatının gücləndirilməsini təklif edib.
Eyni zamanda, xarici ölkələrin təcrübəsi də nəzərə alınmaqla, ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq edilməsi təklif olunub.
Səbinə Əliyeva ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadənin nəzərdə tutulduğunu diqqətə alaraq, şagirdlərə həmin vəsaitlərin dövlət hesabına verilməsinin, həmçinin orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılmasının zəruriliyini diqqətə çatdırıb.
Qeyd olunan təkliflərlə yanaşı, Ombudsdman hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin “minimum istehlak səbətinin tərkibi”ndəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasına da ehtiyac olduğunu qeyd edib.
Səbinə Əliyeva, həmçinin Ombudsman haqqında Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklərlə Müvəkkilə yeni səlahiyyətlərin verilməsini, həmçinin dövrün yeni çağırışlarını nəzərə alaraq, Ombudsman Aparatının kadr və maddi bazasının gücləndirilməsi və müasir texnologiyaların tətbiqi üçün əlavə maliyyə dəstəyinin verilməsinin vacibliyini diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: