Naxçıvan Muxtar Respublikasında Nümunəvi Tibbi İnformasiya Sisteminin tətbiqinə start verilib




Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin rəqəmsallaşdırılması sürətlə davam etdirilir. Bununla bağlı növbəti addım kimi tibb müəssisələrində e-səhiyyə sisteminin qurulmasına start verilib. Bu istiqamətdə aparılan işlər çərçivəsində bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Nümunəvi Tibbi İnformasiya Sistemi (NTİS) – səhiyyə müəssisələrində tibbi və inzibati proseslərin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üçün yaradılmış elektron idarəetmə platformasının nümayəndələri ilə səhiyyə naziri Samiq Sadıxov arasında görüş keçirilib.
Görüşdə muxtar respublikanın səhiyyə müəssisələrində NTİS-in tətbiqi istiqamətində görüləcək işlər, proqramın funksional imkanları və səhiyyə xidmətlərinin keyfiyyətinə verəcəyi töhfələr barədə geniş müzakirələr aparılıb. Qeyd olunub ki, proqramın istifadəsi tibbi məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasına, xəstə məlumatlarının təhlükəsiz saxlanmasına və xidmət prosesinin avtomatlaşdırılmasına şərait yaradacaq.
Nazir Samiq Sadıxov bildirib ki, Nümunəvi Tibbi İnformasiya Sisteminin tətbiqi səhiyyə müəssisələrində idarəetmənin səmərəliliyini artıracaq, pasiyent məlumatlarının operativ mübadiləsinə, eləcə də həkim və tibb personalının iş prosesinin optimallaşdırılmasına xidmət edəcək.
Qeyd edilib ki, proqramın tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Bu məqsədlə tibb işçiləri üçün sistemdən istifadə qaydaları və onun imkanlarının praktiki mənimsənilməsi istiqamətində təlimlər keçiriləcək.
Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: