Alimlər psixopatlarla normal insanlar arasında əsas bioloji fərqi aşkarlayıblar
Elm adamları psixopatlarla qeyri-psixopat insanlar arasında beyin strukturlarında əhəmiyyətli bioloji fərq müəyyən ediblər.
Sinqapurun Nanyang Texnoloji Universiteti, Pensilvaniya Universiteti və Kaliforniya Dövlət Universitetinin alimlərinin apardığı tədqiqat göstərib ki, psixopatik xüsusiyyətlərə malik şəxslərin beynindəki “striatum” adlı ön beyin bölgəsi digərlərinə nisbətən təxminən 10 faiz daha böyükdür. “Striatum” motivasiya, qərar qəbul etmə və mükafat hissi kimi funksiyalara cavabdehdir. Onun daha böyük olması psixopatlarda impulsiv davranış və daha güclü stimullaşdırma ehtiyacı ilə əlaqələndirilir. Tədqiqat zamanı ABŞ-də 120 nəfərin beyin MRT müayinələri və psixopatiya testləri aparılıb. Nəticələr göstərib ki, həm kişilərdə, həm də qadınlarda daha böyük striatum psixopatik meyllərlə əlaqəlidir. Normalda beyin inkişaf etdikcə striatum kiçilir, lakin psixopatlarda bu azalma müşahidə olunmur.
Tədqiqatın müəlliflərindən, NTU-nun neyrokriminoloqu Olivia Choy bildirib ki, bu nəticələr antisosial davranışların yalnız sosial və ətraf mühit amilləri ilə deyil, beynin bioloji quruluşu ilə də bağlı ola biləcəyini göstərir.
Pensilvaniya Universitetindən professor Adrian Raine isə qeyd edib ki, striatumun ölçüsü kimi bioloji xüsusiyyətlər irsən keçə bilər və bu, psixopatiyanın genetik və inkişafla bağlı köklərini aydınlaşdırmağa kömək edir.
Tədqiqatın nəticələri “Journal of Psychiatric Research” jurnalında dərc olunub. Alimlər növbəti mərhələdə striatumun niyə bəzi insanlarda böyüdüyünü və bunun psixopatik xüsusiyyətlərə necə təsir etdiyini araşdırmağı planlaşdırırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: