Qlobal kənd təsərrüfatında su istehlakı 10 il ərzində artıb - TƏDQİQAT
2010–2020-ci illər arasında 46 əsas kənd təsərrüfatı bitkisinin becərilməsi zamanı qlobal su istehlakı 9 faiz artaraq, 6817 kub kilometrə çatıb.
Bu barədə məlumat UNESCO-IHE İnstitutundan Abebe Çukallanın rəhbərliyi altında beynəlxalq alimlər qrupunun apardığı və “Nature Food” jurnalında dərc olunan tədqiqatda yer alıb.
Alimlər 2020-ci ildə kənd təsərrüfatı istehsalı zamanı “mavi” (yerüstü və yeraltı) və “yaşıl” (yağıntılardan əmələ gələn torpaq suyu) suların istifadəsini təxminən 10 kilometr məkan dəqiqliyində hesablayıblar. Analizə buğda, düyü, qarğıdalı, soya və pambıq da daxil olmaqla 46 bitki növü salınıb. Su istehlakının modelləşdirilməsi üçün tədqiqat qrupu özlərinin hazırladığı “CropGBWater” modelindən, ilkin məlumatlar üçün isə Beynəlxalq Ərzaq Siyasəti Araşdırmaları İnstitutu (IFPRI) tərəfindən hazırlanmış “Spatial Production Allocation Model” (SPAM 2020) bazasından istifadə edib.
2020-ci ildə ümumi su istehlakı 6668–6817 kub kilometr arasında dəyişib ki, bu da düyü tarlalarının su ilə basdırılma mərhələsinin nəzərə alınıb-alınmamasından asılı olub. Bu həcmin 82 faizi (5588 km³) “yaşıl” suyun, 1080 km³ (və ya düyü də daxil olduqda 1228 km³) isə “mavi” suyun payına düşüb.
Ən böyük su yükü Asiya regionuna düşüb, belə ki, burada kənd təsərrüfatında qlobal su istehlakının təxminən 70 faizi (3388 km³, o cümlədən 918 km³ mavi su) cəmlənib. Digər qitələr üzrə bölgü belə olub: Amerika – 1455 km³, Afrika – 1199 km³, Avropa – 394 km³, Rusiya – 150 km³, Okeaniya – 82 km³.
Ayrı-ayrı ölkələr üzrə ən çox su istehlak edənlər Çin (244 km³), Hindistan (234 km³), Pakistan (98 km³), ABŞ (68 km³) və Misir (50 km³) olub.
“Mavi” suyun əsas istehlakçıları düyü (477 km³-ə qədər), buğda (212 km³), qarğıdalı (96 km³), şəkər qamışı (96 km³) və pambıqdır (70 km³). Bu bitkilər dünya üzrə suvarılan su istehlakının dörddə üçündən çoxunu təşkil edir. Ümumi su həcmi (mavi + yaşıl su) baxımından isə ilk beşlik belədir: düyü (1183 km³-ə qədər), qarğıdalı (860 km³), buğda (765 km³), soya (521 km³) və palma (303 km³).
Son 20 il ərzində (2000–2020) bu beş əsas bitki üçün su istehlakı 23–82 faiz artıb. Alimlər artımın yalnız əkin sahələrinin genişlənməsi ilə deyil, həm də iqlim dəyişiklikləri və aqrar istehsalın intensivləşməsi ilə bağlı olduğunu qeyd edirlər.
Tədqiqatda vurğulanır ki, kənd təsərrüfatında su istehlakının artması əsas da su qıtlığı yaşayan regionlarda məhdud şirin su ehtiyatlarına olan yükü artırır. Müəlliflərin fikrincə, təqdim olunan məlumatlar və açıq “CropGBWater” modeli davamlı su idarəçiliyinin planlaşdırılması və aqrar sektorun iqlim dəyişmələrinə uyğunlaşdırılması üçün əsas baza ola bilər.