Zərifə Quliyevanın “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib





10 iyun 2026-cı ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, Zərifə Quliyevanın şeiri əsasında hazırlanan “Azərbaycan bayrağı” musiqi kompozisiyası təqdim olunub.
Çıxış edən millət vəkili Vüqar İskəndərov kitabın Azərbaycanın hərb tarixinin təbliği və qəhrəmanlarımızın tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov isə 44 günlük Vətən müharibəsində göstərilən igidliklərin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Professor Rəna Mirzəzadə, Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov, yazıçı-publisist Şərəf Cəlilli və akademik Sudeyf İmamverdiyev çıxışlarında kitabın qəhrəmanlıq tariximizin təbliğinə mühüm töhfə olduğunu qeyd edərək müəllifi təbrik ediblər. Sudeyf İmamverdiyev Zərifə Quliyevanı Türk Ağsaqqalları Birliyinin diplomu ilə təltif edib.
Şəhid ailələrinin nümayəndələri və qazilər də çıxış edərək Vətən müharibəsinin əhəmiyyətindən və müəllifin yaradıcılığından bəhs ediblər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov qəhrəmanlarımızın tanıdılmasının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib və Zərifə Quliyevanı təşkilatın “Fəxri Fərmanı” ilə təltif edib.
Tanınmış vəkil Şəfiqə Nağıyeva müəllifin ictimai fəaliyyəti və şəhid ailələri ilə həmrəyliyini yüksək qiymətləndirib.
Sonda çıxış edən Zərifə Quliyeva Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb, tarixi qələbənin Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunduğunu vurğulayıb. O, şəhidlərin xatirəsinin daim yaşadılmasının vacibliyini qeyd edib.
Tədbirin sonunda şəhid ailələri və qazilərə “Qəhrəmanlıq zirvəsi” kitabı hədiyyə olunub, xatirə şəkli çəkdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: