Polis Astarada xüsusi əməliyyat keçirdi: narkotacirlərin daha bir "PUA marşrutu" ifşa olundu
Ölkə ərazisinə pilotsuz uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gətirilməsi, lokasiyası ötürülən yerlərdən götürülərək ayrı-ayrı ünvanlara çatdırılması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları xüsusi əməliyyat tədbiri keçiriblər. Astara Rayon Polis Şöbəsinin əməkdaşkarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb. Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan şəxsin bundan əvvəl də eyni üsulla əldə edərək rayonun Qapıçıməhəllə kəndi ərazisindəki naringi bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana da aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.