azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Mərakeş və Küveyt ədəbiyyatı guşələrinin” açılış mərasimi keçirilib

03-10-2025

3 oktyabr tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada “Mərakeş və Küveyt ədəbiyyatı guşələrinin” açılış mərasimi keçirilib.

Açılışda Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi, Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi, Küveyt Milli Kitabxanasının direktoru Seham Alezam, Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu və aidiyyəti şəxslər iştirak ediblər.

Açılış mərasimini Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Direktor bu günədək Azərbaycan Milli Kitabxanasında 20 ölkənin ədəbiyyat guşəsinin açıldığını bildirib. Əlavə edib ki, Beynəlxalq Kitab sərgisi çərçivəsində müxtəlif ölkələrin ədəbiyyat guşələrinin Milli Kitabxanada açılması ənənə halını alıb. Bu gün isə Milli Kitabxanada Mərakeş Krallığının Milli Kitabxanasının və Küveyt Milli Kitabxanasının ədəbiyyat güşələrinin açıldığını söyləyib. Əlavə edib ki, Azərbaycan Milli Kitabxanasında açılan ədəbiyyat guşələrinin özəlliyi ondadır ki, hər hansı ölkənin mədəniyyəti, tarixi, ədəbiyyatı, coğrafiyası və adət-ənənələri ilə maraqlanan oxucular bu guşələrdən faydalana bilirlər. Həmçinin, hər bir guşənin önündə həmin ölkənin Milli Kitabxanasına birbaşa çıxışı təmin edən kompüterlər quraşdırılıb. Oxucular bu vasitələrlə həmin ölkənin zəngin kitab fondundan yararlana bilirlər. Direktor ədəbiyyat guşələrinin daim yenilənəcəyini və oxucuların tələbatını tam təmin edəcəyinə inandığını bildirib.

Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi hər kəsi salamlayaraq ədəbiyyat guşəsinin açılmasında göstərdiyi dəstəyə görə, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirova və Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün yaradılan Mərakeş ədəbiyyatı guşəsi sadəcə guşə deyil həm də Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında dərinləşən mədəni əməkdaşlıq və dosluğun göstəricisidir. Ədəbiyyat güşəsinin Mərakeşin minilliklərə söykənən qədim tarixindən müasir cəmiyyətimizə qədər çoxrəngli mədəniyyətinə açılan pəncərə olduğunu deyib.

Küveyt Milli Kitabxanasının direktoru Seham Alezami çıxışında Azərbaycan Milli Kitabxanasında olmaqdan məmnun olduğunu bildirib. 11-ci beynəlxalq kitab sərgisi çərçivəsində Küveyt ədəbiyyat guşəsinin Azərbaycan Milli Kitabxanasında açılmasının sevindirici hal olduğunu qeyd edib. Küveytin zəngin və rəngarəng irsini və mədəniyyətini nümayiş etdirən bu təşəbbüs iki dost xalq arasında olan mədəni əməkdaşlığı daha daha da möhkəmləndirəcəyini söyləyib. Bu gün açılan güşədə Küveytin həm qədim irsi, həm də müasir intellektual naliyyətlərinin təqdim olunduğunu bildirib.

Türkiyə Millət Kitabxanasının rəhbəri cənab Ayhan Tuglu çıxışında 2 oktyabr tarixində Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanası arasında imzalanan əməkdaşlıq memorandumunun xeyirli olmasını arzulayıb. O, Azərbaycan Milli Kitabxanasında artıq mövcud olan Türkiyə ədəbiyyatı guşəsinin gələcəkdə daha da genişlənəcəyini və yeni ədəbiyyatlarla zənginləşəcəyini vurğulayıb.

Sonra Mərakeş Krallığının Milli Kitabxanasının və Küveyt Milli Kitabxanasının ədəbiyyatı guşələrinin açılışı olub.

Açılış mərasimindən sonra xatirə şəkilləri çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031