azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda son 30 ilin ən böyük təhsil uğuru

04-09-2025

Naxçıvan MR Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində 2024–2025-ci tədris ili son 30 ilin ən uğurlu nəticələri ilə yadda qalıb. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması muxtar respublikada bütün sahələrin inkişafı üçün stimuldur. Dövlət Proqramında digər sahələr kimi, təhsilin inkişafı ilə də bağlı prioritetlər müəyyənləşdirilmişdir. Proqramın icrası Naxçıvan təhsilində yeni bir mərhələnin başlanğıcını qoymaqla, təhsilin inkişafına öz töhfəsini verməkdədir.

Uğurlu nəticələr

Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 500–700 bal arası nəticə göstərən 379 məzun qeydə alınıb ki, bu da son 30 ilin ən yüksək göstəricisidir. 2024–2025-ci tədris ilində ümumtəhsil məktəblərinin 473 məzunu, IX siniflər üzrə 196-sı, XI sinifləri üzrə isə 277-si fərqlənmə attestatına, 4 məzun isə qızıl və gümüş nişana layiq görülüb. Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov, Şahbuz Rayon Badamlı qəsəbə tam orta məktəbinin məzunu Səma İsmayılova, Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları Fidan Ağazadə və Fidan Bədəlova qızıl nişana layiq görülən şagirdlər sırasında yer alıblar.

Cari tədris ilində Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərini 3956 məzun bitirmişdir ki, bunlardan 2080-i oğlan, 1876-sı isə qızlardır. Məzunların 3565-i yəni 94%-i ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib, 1857 nəfər ilk seçim turunda tələbə adını qazanıb ki, bu da ötən tədris ilinin müvafiq dövrü ilə müqayisədə 104 nəfər çoxdur.

Ölkədaxili və beynəlxalq müstəvidə əldə olunan nailiyyətlər

Naxçıvan məktəbliləri beynəlxalq imtahan və müsabiqələrdə də parlaq nəticələr göstəriblər. Belə ki, ölkə üzrə təşkil olunan Bebras, Cerebry, Bilbacar, Hakaton, Respublika Fənn müsabiqələrində, həmçinin Astronomiya, LütfiZadə, Hippo, Kenquru, Qərbi Azərbaycana Qayıdış, VII İngilis dili və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri və Yusif Məmmədəliyev adına kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadaları təşkil olunmuş, ümumilikdə 56 şagird qalib olub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq IX-XI siniflər üçün buraxılış və blok imtahanı formatına uyğun 7 monitorinq təşkil olunub, monitorinqlərdə 30 minə yaxın şagird iştirak edib.

Naxçıvan məktəbliləri ilk dəfə olaraq PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak ediblər.

Naxçıvanda ilk dəfə olaraq Kəngərli rayon Qıvraq Qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlı Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qalib olmuş, ümumilikdə isə 3 şagird Respublika Fənn Olimpiadasında medal qazanmışdır. 1 məktəbli isə V Azərbaycan Astronomiya Olimpiadasında qalibi olmuşdur. Bununla yanaşı Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olublar.

Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Əliyeva SAT (ABŞ və digər xarici universitetlərə qəbul üçün keçirilən beynəlxalq imtahan) imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub. Həmçinin Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Cabbarlı 22 ölkədən müraciət edən 35.000 namizəd arasından seçilərək, beynəlxalq FLEX proqramına qəbul edilərək ABŞ-də təhsil almaq imkanı qazanıb. Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elgün Şükürov TECNEST təqaüdünə və CİSCO beynəlxalq təqaüd və sertifikatların layiq görülüb. Ümumilikdə, Naxçıvan məktəbliləri müxtəlif olimpiada və müsabiqələrdə 56 medal əldə ediblər.

Müəllimlərin peşəkarlığının artırılması

2024-cü ildə ilk dəfə olaraq muxtar respublikada təhsilverənlərin sertifikatlaşdırılması prosesi keçirilib, 366 müəllimdən 153-ü 51 və daha yüksək, 2 müəllim isə maksimum nəticə – 60 bal toplamaqla yüksək nəticə göstərib. Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılaraq 174 namizəd məktəblərə və peşə təhsil müəssisələrinə təyin olunub. Nəticədə 123 namizəd ümumtəhsil məktəblərinə, 10 nəfər isə peşə təhsili müəssisələrinə, həmçinin 41-i müddətli müqavilə əsasında ümumtəhsil və peşə təhsil müəssisələrinə qəbul olunaraq ixtisasları üzrə təyinat alıblar. Naxçıvanda ilk dəfə İbtidai sinif müəllimlərinin və Riyaziyyat müəllimlərinin forumları təşkil olunub, tədbirlərdə ölkənin müxtəlif bölgələrindən 2500-ə yaxın pedaqoq iştirak edib.

Naxçıvanda ilk dəfə Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə aparılıb.

Tədris yardımçı heyətin işə qəbul prosesi mərkəzləşmiş müsabiqə yolu ilə uğurla icra olunmuşdur.

Cari tədris ilində müəllimlərin bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və AzEdu Təhsil Portalı ilə birgə “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib. Naxçıvanda ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu və Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib. Forumlarda Naxçıvan Muxtar Respublikasından və ölkəmizin müxtəlif bölgələrini təmsil edən 2500-ə yaxın müəllim iştirak edib. Həmçinin məktəb psixoloqları üçün “Psixoloqların peşəkar bacarıqlarının inkişafı” və “Məktəb psixoloqunun fəaliyyətində süni intellektdən istifadə” mövzusunda təlimlər təşkil edilmişdir.

Naxçıvanda ilk dəfə olaraq “Maarifçi” tələbə-məzun təcrübə proqramının icrasına başlanılmış və “Müasir metodist” layihəsinə start verilib.

Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin və təhsilin idarəetmə orqanlarının Elm və Təhsil Nazirliyinin mövcud məlumat bazalarına və elektron xidmətlərinə inteqrasiyanın təmin edilməsi 2024-2025-ci tədris ilində də davam etdirilib. İnteqrasiya çərçivəsində Elm və Təhsil Nazirliyinin 37 adda elektron məlumat bazasından 30-na qoşulma prosesi tamamlanıb, növbəti tədris ilindən digər elektron məlumat bazalarına qoşulma prosesinin də yekunlaşdırılması nəzərdə tutulub.

Təhsil infrastrukturunda yeniliklər

Dövlət Proqramına uyğun olaraq ümumtəhsil müəssisələrində 154 yeni STEAM otağı istifadəyə verilib. Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Monitorinq Mərkəzi yaradılıb. Dövlət Proqramı çərçivəsində ümumtəhsil müəssisələrində yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin yaradılması üçün işlər başa çatdırılıb.

2024-cü ilin yanvar ayından Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 236 yerlik STEAM Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb, burada CNC-3D texnologiyası, qrafiki dizayn, elektronik proqramlama-mühəndislik, dron uçuş idarəçiliyi və kodlaşdırılması, robototexnika, proqramlaşdırma və digər müasir sahələr üzrə dərnəklərə 200-dən çox şagird cəlb olunub. Peşə təhsilində islahatlar nəticəsində Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək, onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılıb, 2024–2025-ci tədris ili üzrə 462 nəfər peşə təhsilinə qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930