Milli Kitabxanada “2 avqust - Azərbaycan Kinosu Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
2 avqust - Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Milli Kitabxanada bu münasibətlə “2 avqust - Azərbaycan Kinosu Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, kino tariximiz, Milli kinomuzun ilkləri, kino sənətkarların həyat və yaradıcılığı haqqında dövri mətbutda çap olunan məqalələr, fotolar, kitablar və müxtəlif resurslar tammətni ilə təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə Azərbaycan kino sənəti tarixi, kino salnaməsi, kino və teatr sahəsində bəstəkar və rejissorun yaradıcılıq işi, adları milli mədəniyyət tariximizə qızıl hərflərlə yazılmış kinomuzun təşəkkül tapmasında müstəsna xidmətləri olan sənətkarların, aktyorların, rejissorların, kinematoqrafçıların həyatı və yaradıcılığı haqqında və s. monoqrafiyalar, dərsliklər, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakıda elmi-foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin tarix Azərbaycanda kinonun yaranma günü hesab olunur.
1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də I Dövlət Kinofabriki (kinostudiya) açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında lentə alınan “Qız qalası” bədii filmi olub.
1926-cı ildə Dövlət Kinofabriki “Azdövlətkino”, sonrakı illərdə “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası” və nəhayət, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən kinostudiya Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət, kino sahəsinə göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir.
Son illər ölkəmizdə istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi, Gürcüstan, Macarıstan, Türkiyə, Rusiya və bir sıra ölkələrdə “Azərbaycan kinosu günləri”nin keçirilməsi Azərbaycan kinosunun, mədəniyyətinin dünyada təbliğinə töhfədir.