Milli Kitabxanada “30 iyul - Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” adlı virtual kitab sərgisi onlayn rejimdə istifadəçilərə təqdim olunub
BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insаn аlvеrinin mahiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimaiyyətin diqqətinin insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlərə yönəldilməsidir.
Məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, "ev" köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri və s. - bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. İnsan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər.
İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Ölkəmizdə bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır, əhali arasında geniş maarifləndirmə işləri həyata keçirilir.
İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mütəmadi olaraq, ölkə prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayır.
Milli Kitabxanada mövzu haqqında istifadəçilərin maariflənməsi məqsədilə “30 iyul - Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” adlı virtual kitab sərgisi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, Milli Məclisin komitələrin birgə iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, İnsan alverinə qarşı mübarizə tədbirləri, İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi, İnsan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsi, İnsan alverinə qarşı mübarizəyə dair normativ hüquqi aktlar və s. mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.