Siyasi natiqliyin Azərbaycan modeli -SADİQ QURBANOV
Natiqlik, tarix boyu siyasi və ictimai liderliyin ayrılmaz tərkib hissəsi olmuşdur. Bu sənət yalnız söz ustalığı deyil, həm də fikir dərinliyi, emosiya ötürücülüyü və ictimai şüura təsir gücü ilə seçilir. Xüsusilə siyasət aləmində natiqlik liderin şəxsiyyətini formalaşdıran əsas göstəricilərdən biri kimi çıxış edir. Müasir dövrdə natiqlik ictimai rəyin formalaşdırılması, milli kimliyin qorunması və tarixi məsuliyyətin ifadəsi kimi fundamental funksiyalar daşıyır. Platonun fikrincə, “hakimiyyət yalnız bədəni deyil, ruhu da tərbiyə etməlidir.” Elə buna görə də natiqlik təkcə idarəetmə vasitəsi deyil, eyni zamanda ruhani rəhbərlik forması kimi çıxış edir.
Azərbaycan siyasi mədəniyyətində natiqlik xüsusi yer tutur. Tarixi şəxsiyyətlərdən tutmuş müstəqil dövlətçilik dövrünün liderlərinə qədər bütün böyük rəhbərlərin nitqləri həm milli düşüncə tərzini, həm də dövrün siyasi, sosial reallıqlarını əks etdirən mühüm mənbələr kimi çıxış edir. Bu baxımdan, natiqlik sənəti Azərbaycanda sadəcə ritorika yox, eyni zamanda milli ideoloji təməlin, tarixi özünüdərk prosesinin və ictimai emosional vəhdətin qurulmasında təsirli bir vasitə olmuşdur. Nizami Gəncəvi deyirdi: “Söz əgər ürəkdən çıxarsa, könüllərə yol tapar.” Azərbaycan modelində də nitq yalnız faktlara deyil, həm də duyğulara təsir göstərmə gücünə malikdir.
Azərbaycan modelinin əsas fərqi ondadır ki, burada natiqlik bir tərəfdən klassik Şərq ədəbi-bədii düşüncəsi ilə qidalanır, digər tərəfdən isə müasir dövlətçilik fəlsəfəsi ilə uzlaşır. Belə bir sintez həm liderin fikirlərində estetik dərinlik, həm də strateji aydınlıq yaradır. Aristotel yazırdı ki, “Ən yaxşı natiq həm ağlın, həm hissin adamı olmalıdır.” Bu modelin formalaşmasında xüsusilə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqləri özünəməxsus məktəb rolunu oynamışdır.
Bu yazıda Azərbaycan natiqlik məktəbinin formalaşmasında müstəsna rol oynamış iki siyasi liderin – Heydər Əliyev və İlham Əliyevin natiqlik üslublarını təhlil etməyə çalışacağam. Onların nitqlərində həm rasional zəkanın, siyasi uzaqgörənliyin, strateji təfəkkürün izləri görünür, həm də milli duyğulara, xalqın ağrı-acılarına və ümumi ideallarına toxunan emosional bir təməl hiss olunur. Çünki natiqlik siyasətdə yalnız fikir ifadəsi deyil, həm də cəmiyyətlə emosional bağ qurma, xalqın yaddaşında iz qoyacaq mənəvi rezonans yaratma bacarığıdır. Kantın təbirincə desək, “Ağıl idarə etməli, amma qəlb yol göstərməlidir.”
Heydər Əliyevin çıxışlarında natiqlik sənətinin dayağı məntiqə və dərin tarixi təhlilə söykənir. O, hər bir hadisəni geniş tarixi kontekstdə qiymətləndirir, keçmişin dərslərindən gələcək üçün yol xəritəsi çıxarır və bununla da liderin yalnız idarəedici yox, eyni zamanda maarifləndirici, yol göstərən bir müəllim olduğunu təsdiqləyirdi. Confucius belə deyirdi: “Həqiqi rəhbər yalnız əmrlərlə deyil, nümunə ilə yönəldər.”
1998-ci il prezident seçkilərindən sonra söylədiyi “Mənim yolum dəyişməyəcək. Bu yol Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlət quruculuğu və xalqın rifahı yoludur” fikri, siyasi nitqin necə düşünülmüş və strateji baxışa əsaslandığını parlaq şəkildə ortaya qoyur. Ümummilli Lider bir cümlədə siyasi sabitlikdə ardıcıllıq, idarəçilikdə məqsədyönlülük və xalqa xidmət anlayışında məsuliyyətin bölüşdürülməsi kimi dövlətçilik fəlsəfəsinin əsas sütunlarını ifadə edən üç mühüm istiqaməti birləşdirir.
Daha bir misal, 1995-ci ildə Konstitusiyanın qəbulu ilə bağlı söylədiyi “Azərbaycan dövləti hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişaf edəcək.”
fikri isə Heydər Əliyevin nitqində hüquqi düşüncə ilə siyasi iradənin vəhdət təşkil etdiyini açıq formada göstərir. Proqram xarakterli bu fikir eyni zamanda zamanın ruhu, dövlətin taleyi və xalqın arzusunu eyni cümlədə birləşdirməklə hüquqla zənginləşən ədalət, demokratik institutlarla güclənən cəmiyyət və dünyəvi dəyərlərlə təmin olunan modernlik kimi ali ideyaların birliyini ifadə edir.
Cənab Prezident İlham Əliyevin nitqlərində isə məntiq daha çox beynəlxalq sistemə uyğunlaşdırılmış, faktlarla zənginləşmiş şəkildə təqdim olunur. Onun nitqləri bir dövlət başçısı kimi analitik yanaşmanın, diplomatik soyuqqanlılığın və sübutla, faktlarla danışmağın nümunəsidir. Nobel sülh mükafatı laureatı Elie Vizel. demişdir: “Sözlər can qurtara da bilər, müharibə də başlada bilər. Əsas olan onların arxasındakı vicdandır.” Prezidentin nitqlərində də məhz bu vicdani mövqe və strateji məsuliyyət aydın görünür.
Məsələn, 2020-ci ildə Valday Beynəlxalq Diskussiya Klubunda Ermənistanın baş naziri ilə eyni paneldə çıxış edən zaman söylədiyi bir cümlə bütün salona, regiona və beynəlxalq ictimaiyyətə ünvanlanmış qətiyyətli bir mesaj oldu. “Qarabağ Azərbaycandır və nida işarəsi!”
Bu ifadə diplomatik arqumenti siyasi gücə çevirirməklə həm tarixi gerçəkliyi bəyan etdi, prinsipial mövqe ortaya qoydu, həm də fikirin gücü ilə beynəlxalq auditoriyada möhkəm və düşünülmüş təsir yaratdı. Nobel laureatı Barack Obama bir çıxışında qeyd etmişdi: “Həqiqət nə qədər sərt olsa da, onu deməkdən çəkinməməliyik. Çünki xalqlar həqiqətlə böyüyür.” Məhz bu baxımdan, İlham Əliyevin bu cür çıxışları regional siyasətə həm reallıq gətirir, həm də həqiqətin səsini yüksəldir. Yaxud 2021-ci ildə BMT tribunasından söylədiyi: “Biz post-münaqişə dövründəyik. Amma Ermənistan hələ də revanşizm xəyalındadır.”
Bu cümlə də reallığın strateji təqdimatı idi. Nitq burada həm diplomatiya aləti, həm də dövlətin mövqeyini dünyaya izah edən mexanizm rolunu oynayır. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Amartya Sen yazırdı: “Ədalət yalnız hüquqla yox, həm də ifadə olunan rasional və insani dəyərlərlə ölçülür.” Prezidentin çıxışları da Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini həm hüquqi, həm də mənəvi müstəvidə təsdiqləyir.
Tərəddüd etmədən deyə bilərik ki, cənab İlham Əliyevin natiqlik üslubu çağdaş dövlətçilik natiqliyinin modern modelini təcəssüm etdirir. Onun çıxışlarının əsas formulu strukturlaşdırılmış arqumentasiyalı olmasıdır. O öz nitqini hər zaman giriş, əsas tezis, onu dəstəkləyən faktlar və nəticə prinsipi ilə formalaşdırır. Bu, auditoriyanın diqqətini dağılmadan mərkəzə cəmləməyə və fikrin məntiqi ardıcıllıqla qəbuluna imkan yaradır. Bu xüsusiyyət xüsusilə beynəlxalq platformalarda – BMT, Davos İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı, Valday Klubu və sair tədbirlərdə açıq şəkildə görünür.
Onun çıxışlarında təkrarlanan əsas ideya formulları xüsusi yer tutur. Yuxarıda qeyd etdiyimiz “Qarabağ Azərbaycandır!”, “Biz tarix qarşısında məsuliyyət daşıyırıq!”, “Biz post-münaqişə dövründəyik, amma təhlükəsizlik gündəmdə qalır!” kimi fikirlər yalnız siyasi mesaj deyil, həm də nitqdə tezislərin yaddaşda qalmasını təmin edən bir ritorik mexanizmdir. Bu cür ifadələr vasitəsilə Prezident milli maraqları sistemli və davamlı şəkildə təqdim edir, hər çıxışında əsas ideyanı müxtəlif kontekstlərdə yenidən vurğulayır.
Onun çıxışlarının digər önəmli xüsusiyyəti geosiyasi reallıqlara istinad tərzidir. İlham Əliyevin nitqlərində beynəlxalq hüquq, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və enerji təhlükəsizliyi kimi anlayışlar dərin məzmunla təqdim olunur. Bu, onun çıxışlarını sadəcə daxili auditoriyaya deyil, beynəlxalq diplomatik dairələrə də ünvanlayan çoxqatlı kommunikasiya aktına çevirir. Məsələn, 2022-ci ildə Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq üzrə imzalanan sənədin təqdimatında Prezidentin dediyi “Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır” fikri yalnız bir iqtisadi bəyanat deyil, həm də Azərbaycanın mövqeyini gücləndirən diplomatik formuldur.
Bu üslubun əsasında isə rasional soyuqqanlılıqla milli duyğular arasında qurulan tarazlıq dayanır. Prezidentin nitqlərində emosional ifadələr azlıq təşkil etsə də, onların strateji məqamda və ölçülü şəkildə verilməsi təsiri ikiqat artırır. Bu, natiqlikdə “rasional emosiya” adlanan konseptin tətbiqinə uyğun gəlir ki, bu da liderin mesajını həm beynəlxalq auditoriyaya anlaşılan, həm də milli auditoriyaya qəbul edilən formaya salır.
Əslində Nobel laureatı Daniel Kahnemanın qeyd etdiyi kimi: “İnsan qərarları yalnız faktlarla deyil, o faktların necə təqdim edildiyi ilə formalaşır.” İlham Əliyevin natiqlik strategiyası məhz bu prinsipin dövlət səviyyəsində tətbiqi kimi də dəyərləndirilə bilər.
Heydər Əliyev öz çıxışlarında emosional tonlara nadir hallarda yer verirdi. Lakin belə məqamlarda onun nitqi ictimai rəyə birbaşa təsir edir, məsələni təkcə məntiq çərçivəsində deyil, eyni zamanda dərin mənəvi məsuliyyət prizmasından təqdim edirdi. Bu anlarda onun sözləri insanlarda sadəcə informativ deyil, həm də psixoloji və ideoloji təsir doğurur, cəmiyyətdə həmrəylik və inam hissini gücləndirirdi.
Məsələn, 1994-cü ilin oktyabrında ölkədə çevriliş cəhdinin qarşısı alındıqdan sonra etdiyi televiziya müraciəti emosional tonun siyasi sabitliyi necə qoruduğunu göstərən tipik nümunədir. O, xalqa müraciət edərək deyirdi: “Azərbaycan xalqı, məni dəstəklədiniz, sizə inanıram, arxalanıram. Heç bir qüvvə bizim yolumuzdan döndərə bilməz!”
Bu cümlələrdə liderin emosional müraciəti rasional mesajı gücləndirir, səmimiyyət, təşəkkür və siyasi qətiyyət bir-birini tamamlayır. Hədəf sadəcə vəziyyəti izah etmək deyil, xalqla psixoloji bağ qurmaq, təhlükə anında milli iradənin gücünü səfərbər etmək idi.
Başqa bir misal 1990-cı ilin Qanlı Yanvar hadisələrindən dərhal sonra Moskvada Heydər Əliyevin verdiyi bəyanat, “Mən Azərbaycan xalqının başına gətirilən bu faciəni qətiyyətlə pisləyirəm. Mən Azərbaycan xalqı ilə birlikdəyəm.” Bu çıxış yalnız emosional reaksiyanın deyil, milli mövqenin, siyasi iradənin və lider məsuliyyətinin aydın təzahürü idi.
Bu çıxışın mahiyyəti həm də ondan ibarət idi ki, Heydər Əliyev hələ Sovet İttifaqının ali dairələrinin içində olduğu halda, siyasi riskləri göz önünə alaraq açıq şəkildə rejimin törətdiyi qanlı hadisəyə qarşı çıxış etdi. Burada artıq diplomatik etiket və dövlət prosedurları deyil, liderin tarixi məsuliyyət anlayışı və vicdanı önə çıxırdı. O, bu bəyanatla həm Sovet rejiminin legitimliyinə kölgə saldı, həm də Azərbaycanın milli azadlıq ruhuna güc verdi.
Eyni zamanda bu çıxış göstərdi ki, siyasi liderlik yalnız idarəetmə texnikası deyil, eyni zamanda kritik anda xalqla bir sırada dayanmaq, haqqın yanında olmaq və tarixin önündə cavabdehlik daşımaq qabiliyyətidir.
1993-cü ildə xalq onu hakimiyyətə çağıranda dediyi: “Əgər xalq mənə inanırsa, mən bu çətin yükü çəkməyə hazıram.”
Bu cümlə sadə görünür, amma liderin xalqla müqəddəs bağının təntənəsidir.
İlham Əliyevin çıxışlarında da emosional anlar tarixi dönüş nöqtələrinə təsadüf edir. Onun emosiyası ani duyğudan doğmur, əksinə, strateji düşüncənin içində formalaşan, məsuliyyətin və tarixi yükün təsiri ilə cilalanan bir ifadə formasına çevrilir. 2020-ci ilin noyabrında Şuşanın azad edilməsi ilə bağlı verdiyi bəyanat: “Şuşa, sən azadsan! Qarabağ Azərbaycandır!” yalnız hərbi-siyasi qələbənin elan olunması deyildi bu eyni zamanda Azərbaycanın 30 illik itki və gözlənti dolu yaddaşına ünvanlanan, xalqın milli qürurunu dirçəldən, tarixi ədalətin bərpa olunduğunu bəyan edən yüksək emosional siyasi mesaj idi. Cənab Prezident bu ifadələrlə xalqın illərlə yığılmış ağrısını öz dilində səsləndirərək milli kimliyin və dövlət iradəsinin təcəssümünə çevirməyi bacardı.
Həmin günlərdə şəhid ailələrinə müraciətində səsləndirdiyi “Sizin övladlarınız tarix yazdı. Biz onların qarşısında baş əyirik” fikri isə dövlət rəhbərinin məsuliyyətindən daha artıq bir anlam daşıyırdı. Bu sözlər, siyasi rəhbərin xalqın keçmişi və gələcəyi qarşısında mənəvi borc hissini ifadə edən, dövlətin vətəndaşa sadəcə idarəçi münasibəti ilə deyil, insani və milli duyğularla yanaşdığını göstərən nümunə idi.
Bu cür çıxışlar İlham Əliyev natiqliyinin fərqli xüsusiyyətini, liderin xalqla eyni anda düşünməsi, eyni dərdi hiss etməsi və bu hissi siyasi ifadəyə çevirə bilmə bacarığını göstərir
Bütün bu faktlar göstərir ki, Heydər Əliyev və İlham Əliyev təkcə dövlət başçıları yox, həm də natiqliyin sistemli şəkildə formalaşdığı siyasi məktəbin qurucularıdır. Onların çıxışları idarəetmə mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.
Bu məktəb natiqliyin Azərbaycan modelidir.
Milli Məclisin deputatı Sadiq Qurbanov