Tərləmə prosesi ilə bağlı aparılan tədqiqat onunla bağlı ənənəvi təsəvvürləri alt-üst etdi
Amerikalı tədqiqatçılar tərləmə prosesinin xüsusiyyətlərini araşdırıblar.
Onlar “Journal of the Royal Society Interface” jurnalında dərc olunan məqalədə insanlarda tərləmə dinamikasının mikro və makromiqyaslı çoxmetodlu tədqiqatının nəticələrini təqdim ediblər.
Tədqiqatçılar xüsusilə orta dalğa uzunluğuna malik infraqırmızı diapazonda (üçdən səkkiz mikrometrədək dalğa uzunluğu) şüalanmanı aşkar edən kameralardan istifadə ediblər. Bu infraqırmızı linzalar temperatur fərqlərinə yüksək həssaslıq göstərir və daha aydın görüntü təqdim edir. Onlar, həmçinin onlar tibdə oxumaların üçölçülü təsvirini yaratmaq üçün istifadə olunan optik koherent tomoqrafiya (OCT – Optical Coherence Tomography) obyektivlərindən də yararlanıblar.
Eksperimentdə altı könüllü – sağlam və gənc qadın və kişilər iştirak edib. Onlarda tərləmə süni şəkildə yaradılıb və alın nahiyəsində yaranan tərlə bu proses analiz olunub.
İştirakçılar xüsusi nəmləndirilmiş geyimlər geyinib, aralarında su keçirməyən təbəqə olan elektrik yorğana bürünüb və masaj kreslolarında əyləşiblər. Daha sonra alimlər yorğanları 47 dərəcəyədək qızdıraraq iştirakçıların tərləməsinə səbəb olublar. Sonra isə onları soyudublar, istirahət etmələrinə şərait yaradıblar və təkrar istilik təsirinə məruz qoyublar.
Tərləmə prosesi təxminən 15 dəqiqə sonra başlayıb, dəri soyuduqdan 17 dəqiqə sonra isə tərlə ifraz olunan maye tamamilə buxarlanıb. Tərlə buxarlanmamışdan əvvəl dərinin səthinə deyil, ilk növbədə tam şəkildə dəri hüceyrələrinin buynuz qatına hoparaq orada toplanıb. Bu zaman o, ümumi təsəvvürlərdə olduğu kimi damcılar şəklində deyil, fərqli formada səthdə yığılıb.
Belə ki, tərlə ifraz olunan maye məsamələrdə toplanaraq optikada hər iki səthi eyni istiqamətdə əyilmiş menisk linzalarına bənzər gölməçələr əmələ gətirib və tədricən dəri səthini nazik bir təbəqə şəklində örtüb. Bu təbəqə buxarlandıqda, onun yerində duz izləri qalıb və təkrar istilik təsiri zamanı bu duzlar tərləmənin daha tez epidermisə hopmasına səbəb olub.
İnsan bədənində istilik tənzimlənməsinin öyrənilməsi nəmləndirici və günəşdən qoruyucu kremlər kimi dəriyə qulluq vasitələrinin, həmçinin idman geyimlərinin istehsalında, eləcə də tibdə dəri sağlamlığının qorunmasında faydalı ola bilər. Alimlərin fikrincə, bu biliklər hətta spesifik xəstəliklərin klinik diaqnostikası üçün portativ sensorların hazırlanmasına da yol aça bilər.