Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb
XX əsr Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Xalq rəssamı, Əməkdar incəsənət xadimi Elmira Şahtaxtinskayanın bu il anadan olmasının 95 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq rəssamının mənalı həyat yolu və bədii irsindən bəhs edən videomaterial və daycest hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan bildirilib ki, bu materiallar Azərbaycan rəssamlıq sənətinin inkişafında peşəkarlığı və gərgin əməyi ilə seçilən Elmira Şahtaxtinskayanın zəngin bədii yaradıcılıq irsini istifadəçilər arasında təbliğ olunması məqsədilə hazırlanıb.
Vəsaitdə rəsmi sənədlər ilə yanaşı “Milli mədəni irsi və doğma yurdun təbiətini əsərlərində yaşadan sənətkar” və “Elmira Şahtaxtinskaya yaradıcılığının səciyyəvi xüsusiyyətləri” adlı məqalələrin tam mətni təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən https://www.ryl.az/funds/daycest materialda rəssamın həyat və fəaliyyətinə dair 2011-2024-cü illərdə dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa annotasiyası və tam mətninin yerləşdiyi elektron keçidlər yer alır.
“İncəsənətin qüvvəti Elmira Şahtaxtinskaya” adlı videomaterialda xanım rəssamın yaradıcılığının rəngarəng və çoxşaxəli olması, əsasən mənzərə, məişət, portret janrlarında əsərlər yaratmasından bəhs olunur. Elmira Şahtaxtinskayanın “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar seriyası üzərində uzun illər işləməsi, müxtəlif ədəbiyyat, elm və mədəniyyət xadimlərimizin – Nizami Gəncəvinin, Məhsətinin, Memar Əcəminin, Qətran Təbrizinin, Səfiəddin Urməvinin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin, Qara Qarayevin bədii cəhətdən mükəmməl, fəlsəfi tutumu ilə diqqət çəkən obrazlarını yaratması diqqətə çatdırılır. Videomaterialda görkəmli rəssamın yaradıcılıq nümunələri, müsahibələrindən fraqmentlər, foto və video görüntüləri də sərgilənir.
“İncəsənətin qüvvəti Elmira Şahtaxtinskaya” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/incesenetin-quvveti-elmira-sahtaxtinskaya yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: