azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 24 oktyabr 2025-ci il tarixli iclasında çıxışı

24-10-2025

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək idi.

Oktyabrın 20-də Assambleyada “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələr aparıldı. Çıxışımda tədbir iştirakçılarının diqqətinə çatdırdım ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşamışdır.

Ermənistanın silahlı təcavüzünün faciəli nəticələri barədə məlumat verdim. Qeyd etdim ki, dövlətimiz ərazi bütövlüyünü bərpa etdikdən sonra geniş miqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirir. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi başlanmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiq olmasının sübutudur.

Bildirdim ki, vaxtı ilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərmişdir. Son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırılmışdır.

Hörmətli həmkarlar!

Assambleya çərçivəsində keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak və çıxış etdilər.

Onu da deyim ki, Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu imzalandı.

Hörmətli deputatlar!

Bildiyiniz kimi, hazırda Milli Məclisin sədrlik etdiyi üç parlament təşkilatından biri də Asiya Parlament Assambleyasıdır. Digər iki təşkilat isə, xatırladım ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır.

Cenevrədə mənim sədrliyimlə Asiya Parlament Assambleyasının Koordinasiya görüşü keçirildi.

Milli Məclisin təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verdim. Qeyd etdim ki, Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində Azərbaycan bir sıra prioritetlər irəli sürmüşdür. Təşkilatın sıraları genişləndirilmiş, Assambleyada müşahidəçi statusu olan beynəlxalq təşkilatların sayı artırılmışdır. Bundan əlavə, təşkilatın büdcəsinin formalaşdırılması ilə bağlı konsensus əldə olunmuş, onun bürosunun fəaliyyəti daha da canlandırılmışdır.

Hörmətli həmkarlar!

Cenevrəyə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirildi. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, eləcə də Bosniya və Herseqovina və Namibiya parlamentlərinin sədrləri ilə danışıqlarda parlamentlərarası əməkdaşlığın inkişafı yolları nəzərdən keçirildi.

Bununla əlaqədar möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirildi, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıldı.

Oktyabrın 21-də mənim Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüm keçirildi. Bu, Parlamentlərarası İttifaq çərçivəsində üçüncü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin böyük əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi qeyd edildi.

Bu barədə Milli Məclisin mətbuat üçün məlumatı yayılmışdır.

Hörmətli deputatlar!

Cenevrədə Parlamentlərarası İttifaqın üzvü olan ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının növbəti sessiyası da keçirildi. Sessiyada rəqəmsal texnologiyaların parlamentlərdə tətbiqi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Görüşdə Milli Məclis Aparatının rəhbəri iştirak və çıxış etmişdir.

Hörmətli həmkarlar!

Hesab edirəm, Cenevrəyə işgüzar səfər uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə minnətdarlığımı bildirirəm.

Hörmətli deputatlar!

Bildiyiniz kimi, sabah Qubadlı şəhəri günü qeyd olunacaq. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlər 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən biridir. Bu gün quruculuq dövrünü yaşayan Qubadlı Qarabağın və Şərqi Zəngəzurun yeni həyatını təcəssüm etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031