Samux rayonunda “İnformasiya əldə etmək hüququnun təmin edilməsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Samux rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Samux rayonunda Milli Mətbuatın yaradılmasının 150 illiyi münasibətilə və “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnformasiya əldə etmək hüququnun təmin edilməsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə iştirakçılara məlumat verilib. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu və "İnformasiya əldə etmək haqqında" Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Müvəkkilin fəaliyyəti informasiya əldə etmək hüququnun təmin olunması və bu sahədə maarifləndirmə işlərinin aparılması istiqamətində davam etdirilir.
Tədbirin yekununda mövzu üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.