Ombudsman Səbinə Əliyeva Türkiyənin ölkəmizdəki səfirini qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Birol Akgünü qəbul edib.
Görüş zamanı Ombudsman qonağa ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verib.
Müvəkkil insan hüquqları sahəsində müsbət təcrübələrin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdıraraq bu istiqamətdə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları, habelə beynəlxalq təşkilatlarla mövcud səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.
Səbinə Əliyeva qardaş ölkə ilə hərtərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, eləcə də insan hüquqları sahəsində Türkiyənin müvafiq qurumları ilə (Kamu Denetçiliyi Kurumu, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Kurumu (TİHBK)) ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, ikitərəfli anlaşma memorandumlarının imzalandığını, birgə layihələrin həyata keçirildiyini qeyd edib, bu əməkdaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, görüş zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunulub. Qeyd olunub ki, iki qardaş dövlət hər zaman beynəlxalq təşkilatlarda və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlərdə qarşılıqlı olaraq bir-birilərini dəstəkləyirlər.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün səmimi qəbula görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub və qonağı maraqlandıran suallar cavablandırılıb.