“Aqrar Tədarük və Təchizat” ASC- jurnalistlər üçün milli mətbuatımızın 150 illik yubileyinə həsr olunan mediatur təşkil edib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qəbələ, Şəki və Zaqatala rayonlarını əhatə edən mediatur təşkil olunub. Tur çərçivəsində müxtəlif media nümayəndələri “Şəhərdən kəndə” layihəsi əsasında dəstək göstərilən yerli təsərrüfatlara səfər edərək, orada görülən işlərlə yaxından tanış olublar.
Mediatur zamanı jurnalistlərə sözügedən bölgələrdə fəaliyyət göstərən fermer təsərrüfatları, layihə çərçivəsində onlara göstərilən texniki və məsləhət dəstəyi, habelə məhsul satışının təşkili barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, “Şəhərdən kəndə” layihəsi Azərbaycanda aqroturizmin inkişafı, təsərrüfat sahiblərinin əlavə gəlir imkanlarının yaradılması, onlar üçün alternativ satış kanallarının, şşəhər sakinləri üçün isə fərqli istirahət məkanlarının yaradılması məqsədi daşıyır.
Tur çərçivəsində jurnalistlər arıçılıq, bağçılıq, və heyvandarlıq sahələri üzrə fəaliyyət göstərən bir sıra təsərrüfatlarda olaraq, yerli fermerlərin təcrübəsi, inkişaf strategiyaları və əldə edilən nəticələrlə bağlı da ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən bu kimi təşəbbüs həm yerli istehsalın təşviqi, həm də ictimaiyyətin kənd təsərrüfatı sahəsində aparılan işlər barədə dolğun məlumatlandırılması baxımından əhəmiyyətlidir.