Qubada müharibə veteranları üçün özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara mediatur olub
Postmüharibə dövründə şəhid ailəsinin üzvü və müharibə veteranı olan 27 min şəxsin məşğulluğuna dəstək göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində media nümayəndələrinin müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlarla tanışlığı məqsədilə növbəti mediatur təşkil edib.
Jurnalistlər bu dəfə Quba rayonunda müharibə veteranları üçün qurulmuş kiçik təsərrüfatlarla tanış olublar. Onlara tarixi zəfərimizlə başa çatmış 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin və müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə qeyd edilən kateqoriyalara aid 27 min şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 12,7 mindən çoxu üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 1,1 mini peşə hazırlığına cəlb edilib, digərləri işlə təmin olunub.
Media nümayəndələri əvvəlcə Vətən müharibəsi veteranı Elməddin Əlişanovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində avtotəmizləmə zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub.
Daha sonra jurnalistlər müharibə veteranı Şahin Kərimov üçün yaradılmış kiçik təsərrüfatla tanış olublar. Ş.Kərimov özünüməşğulluq proqramı çərçivəsində avtoçilingər zərfi üzrə avadanlıqlarla təmin edilib.
Jurnalisitlər, həmçinin, sözügedən proqramın kişi bərbərxanası zərfi üzrə avadanlıqlarla təmin olunmuş Murad Sultanovun xidmət sahəsinə də baş çəkiblər.
Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərə, həmçinin, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.