Milli Məclisin deputatı Əli Hüseynli seçicilərlə görüş keçirib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli 2025-ci ilin mart ayı üçün vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, növbəti dəfə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Mingəçevir sakinləri ilə görüş çərçivəsində seçicilər ünvanlı sosial yardım, işsizlik və digər şəxsi məsələlərin həlli istiqamətində müvafiq köməklik göstərilməsi üçün müraciət ediblər.
Həll edilməsi mümkün olan müraciətlərlə əlaqədar müvafiq tədbirlər görülmüş, araşdırılması zəruri olan digər məsələlər isə nəzarətə götürülərək, seçicilərə müraciətlərlə bağlı “Vətəndaşların Müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”-na uyğun olaraq lazımi tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir.
Görüş çərçivəsində Milli Məclisin deputatı Əli Hüseynli diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına ən böyük siyasi mirası olan Yeni Azərbaycan Partiyası bu gün möhtərəm Sədr, dövlətimizin başçısı cənab İlham Əliyevin ali rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır. Azərbaycan güclü, demokratik və hüquqi dövlətdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması və bu istiqamətdəki gələcək planlar məhz uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Mingəçevir şəhər sakinləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq hissini ifadə ediblər.