azturkxeber.az
http://azturkxeber.az

BDU-da iqtisadi fizikanın problemləri müzakirə olunub

13-03-2025


Bakı Dövlət Universitetinin (BDU) Fizika, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr edilən silsilə tədbirlər çərçivəsində iqtisadi fizikanın problemlərinə dair elmi seminar keçirilib.

BDU-danbildirilib ki, əvvəlcə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı təqdim olunan mövzunun aktuallığı, fakültələrarası birgə fəaliyyətin əhəmiyyəti barədə danışıblar.

Sonra Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri professor Maarif Cəfərov “İqtisadi fizikanın bu günü və gələcəyi” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, müasir dövrdə fənlərarası inteqrasiya xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə fizikaya aid biliklərin və fizika qanunlarının digər elm sahələrində tətbiqi yeni istiqamətlərin meydana çıxmasına gətirib. Bu istiqamətlərdən biri iqtisadi fizika, başqa sözlə ekonofizikadır. O qeyd edib ki, “Ekonofizika” termini ilk dəfə 1997-ci ildə maliyyə məlumatlarının təhlilinə statistik fizikanın üsullarının tətbiq olunduğu işlərin ümumi icmalında işlənib. 1998-ci ildən etibarən Avropa və Şimali Amerikada mütəmadi olaraq ekonofizika üzrə konfranslar keçirilir. Həmin konfranslarda iqtisadi proseslərin idarə olunmasına fizikanın qanunlarının tətbiqinə dair elmi araşdırmaların nəticələri təqdim edilib.

Maarif Cəfərov diqqətə çatdırıb ki, hazırda bir çox aparıcı universitetlərdə ekonofizika üzrə mütəxəssis hazırlanır və bu ixtisas gələcəyin ixtisası hesab olunur. O, həmin ali təhsil müəssisələrində ekonofizika ixtisası üzrə tədris prosesinin xüsusiyyətləri barədə danışıb, həmin ixtisas çərçivəsində keçilən mövzuları sadalayıb, termodinamikanın, statistik fizikanın, kvant fizikasının qanunlarının iqtisadi proseslərin öyrənilməsinə tətbiqi barədə nümunələri göstərib. O, BDU-nun magistratura təhsil pilləsində bu ixtisas üzrə kadr hazırlığı üçün görülməli olan işlərdən danışıb.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31