Azərbaycanın geosiyasi əhəmiyyəti və müstəqil xarici siyasətinin rolu ŞƏRH
Azərbaycan həm Cənubi Qafqazda, həm də daha geniş regionda geosiyasi və strateji mövqeyinə görə mühüm əhəmiyyətə malik aparıcı dövlətdir. Ölkəmizin dünya siyasətində öz mövqeyini möhkəmləndirməsi və nüfuzunu artırması gələcək inkişafımız üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın strateji ərazisindən beynəlxalq əhəmiyyətli logistik daşımaların keçməsi faktı ölkəmizin regionda təhlükəsizlik və sabitliyin təminindəki rolunu bir daha təsdiq edir.
AzTurkxeber.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
O qeyd edib ki, dövlətlərarası əlaqələrin genişlənməsi Azərbaycanın daxili və xarici siyasətində mühüm yer tutur. Beynəlxalq münasibətlər isə bərabərlik və ədalət prinsipləri əsasında qurulmalıdır.
“Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri suverenlik və müstəqilliyi qorumaq, xalqın rifahını təmin etməkdir. Əsas məqsədlərdən biri ölkəmizin daxili işlərinə müdaxilənin qarşısını almaq və istənilən birgə məsələləri razılaşdırılmış şəkildə həll etməkdir. Azərbaycan beynəlxalq hüququ və ədalət prinsiplərini müdafiə etməklə yanaşı, bu istiqamətdə dünyadakı proseslərdən dəstək alır. Bəzi beynəlxalq qurumların Azərbaycana qarşı addımlar ata biləcəyinə baxmayaraq, ayrı-ayrı dövlətlərlə qarşılıqlı münasibətlərimiz ən yüksək səviyyədədir”, - deyə deputat vurğulayıb.
Azərbaycanın strateji mövqeyinin onu regionda və dünyada əhəmiyyətli oyunçuya çevirdiyini diqqətə çatdıran deputat əlavə edib: “Asiya ilə Avropanı birləşdirən yollar Azərbaycan ərazisindən keçir. Bu mövqe yeni enerji marşrutlarının, nəqliyyat infrastrukturunun inkişafı və kəmərlərin çəkilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan müstəqil siyasət yürüdərək regionda sabitliyin təminində mühüm rol oynayır. Bu gün ölkəmiz xarici siyasəti müstəqil və dönməz olan dövlətlərdən biridir. Dünyada baş verən hadisələr də güclü olmağı tələb edir və Azərbaycanın strateji mövqeyi bu yeni dünya nizamında xüsusi yer tutur”.
Arzu Nağıyev vurğulayıb ki, Azərbaycan xarici siyasətində ədalət prinsiplərinə əsaslanaraq və öz geostrateji mövqeyindən istifadə edərək müstəqilliyini və ərazi bütövlüyünü qorumaqla mühüm aktora çevrilib. Belə ki, Azərbaycan müsəlman dövləti olaraq qeyri-müsəlman ölkələrlə multikulturalizm və tolerantlıq prinsiplərinə əsaslanan siyasət yürüdür. Prezident İlham Əliyev heç bir güc mərkəzindən asılı olmadan dövlətin maraqlarını qətiyyətlə qoruyur. Qərb və Avropa dövlətlərinin daha çox asılı olduğu bir şəraitdə Azərbaycan fərqlənir və nüfuzlu bir ölkə kimi qəbul edilir. Azərbaycanla eyni səviyyədə dialoq aparılır və ölkəmizə nəyisə diktə etmək mümkün deyil.
Deputat vurğulayıb ki, ölkənin inkişafında əsas məsələlərdən biri xalqın güclü siyasi liderə arxalanmasıdır. Prezident İlham Əliyev də xalqa arxalanaraq öz vəzifələrini yerinə yetirir. O, xalqın maraqlarını prioritet götürən lider kimi fəaliyyət göstərir. Beynəlxalq səviyyədə də Prezident İlham Əliyev ilə danışıqlar aparmağa böyük maraq var. Dünyada liderlər dəyişsə də, Azərbaycanın dövlətçilik, suverenlik və hər bir vətəndaşın rifahını təmin etmək prinsipi dəyişməz olaraq qalır.