“JAMA Pediatrics” jurnalında dərc edilən araşdırma yüksək flüorid səviyyələrinin uşaqlarda IQ səviyyəsinə təsir edə biləcəyini göstərib. Bu hal mütəxəssislər arasında geniş müzakirələrə səbəb olub. ABŞ Milli Ətraf Sağlamlığı Elmləri İnstitutu tərəfindən aparılan tədqiqat 10 ölkədə flüor səviyyələri ilə uşaqların intellektual göstəriciləri arasında əlaqəni araşdıran 74 fərqli tədqiqatı təhlil edib.
azturkxeber.az “The Independent” nəşrinə istinadla xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, sidikdə flüorid miqdarının hər 1 ppm artması uşaqların IQ göstəricilərində orta hesabla 1,63 bənd azalması ilə əlaqələndirilib. Lakin tədqiqatın səbəb-nəticə əlaqəsi yaratmadığını vurğulayan ekspertlər, nəticələrin daha dəqiq şəkildə araşdırılmasına ehtiyac olduğunu bildirirlər. ABŞ-da hazırda içməli su üçün tövsiyə edilən flüor səviyyəsi 0,7 ppm-dir. Bununla belə, bəzi bölgələrdə bu göstəricinin daha yüksək olduğu qeyd edilib. Araşdırma 1,5 ppm-dən aşağı səviyyələrdə flüorun IQ göstəricilərinə əhəmiyyətli təsirini tapmayıb.
Ayova Universitetindən dr. Steven M.Levy tədqiqatın keyfiyyətinə dair narahatlıqlarını ifadə edib. Onun sözlərinə görə, təhlil edilən araşdırmaların əksəriyyəti aşağı keyfiyyətli olub və mövcud tapıntılar flüorun səviyyələrinə dair siyasət dəyişikliyi üçün yetərli əsas yaratmır. Digər tərəfdən, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) flüorun diş sağlamlığını qorumaq və çürüklərin qarşısını almaq baxımından əhəmiyyətli olduğunu vurğulayır. Bununla yanaşı, bəzi ölkələrdə flüorun sudan çıxarılması nəticəsində diş çürümələrinin artdığı müşahidə olunub.
Milli Ətraf Sağlamlığı Elmləri İnstitutunun keçmiş direktoru dr. Linda Birnbaum flüorun 1,5 ppm-dən aşağı səviyyələrdə potensial təsirləri ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu qeyd edib. O, xüsusilə, hamilə qadınlar, körpələr və uşaqlar üçün flüorun təsirlərinin daha diqqətlə araşdırılmasının vacibliyini vurğulayıb.
Tədqiqatın aparıcı müəllifi dr. Kyla Taylor bildirib ki, flüora müxtəlif mənbələrdən yüksək səviyyədə məruz qalmaq uşaqların neyroinkişafına təsir edə bilər. O, hamilə qadınlara və südverən analara flüorsuz su istehlak etməyi tövsiyə edib.