Ombudsman: Uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsman Aparatının fəaliyyətində əsas istiqamətlərdəndir
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi nəticəsində Ombudsmanın mandatı genişləndirilmiş, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin, eyni zamanda ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi, monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyəti təsbit olunmuşdur. Uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsmanın fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir.
Bu sözləri AzTurkxeber.az-a açıqlamasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində Müvəkkil, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupu və Milli Preventiv Qrup tərəfindən uşaq müəssisələrinə mütəmadi olaraq monitorinqlərin həyata keçirildiyini vurğulayan Ombudsmanın sözlərinə görə, monitorinqlər zamanı müəssisələrdə uşaqlarla konfidensial qaydada söhbət aparılır, saxlanma şəraiti, rəftar, təhsil hüququnun təmini, qidalanma, tibbi yardımın və psixoloji işin təşkili, həmçinin digər məsələlər araşdırılır.
"Monitorinqlər çərçivəsində aşkar edilmiş hallar, yerində aradan qaldırıla biləcək nöqsanlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılır və müvafiq tövsiyələr verilir. Eyni zamanda monitorinqin nəticələrindən asılı olaraq aidiyyəti orqanlara müraciətlər ünvanlanır. Monitorinqlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin yoxlanılması məqsədi ilə təkrar başçəkmələr həyata keçirilir. Məlumat üçün bildiririk ki, ölkəmizdə əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, eyni zamanda insan hüquqlarının səmərəli təmininə yönəlmiş təklif və tövsiyələr mənim illik məruzələrimdə öz əksini tapmışdır. Həmin məruzələrdə müvafiq sahədə təkmilləşdirilməsinə ehtiyac olan bir sıra məsələlər diqqətə çatdırılmışdır. Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrdə keçirilmiş başçəkmələr zamanı əvvəlki monitorinqlərdə tərəfimizdən verilmiş bir çox təklif və tövsiyələrin icra edildiyi müşahidə olunmuşdur. Bununla yanaşı, həllini gözləyən bəzi məsələlər qalmaqdadır. Belə ki, tərəfimizdən aparılmış monitorinqlərə əsasən müəyyən edilmişdir ki, nazirliyin tabeliyindəki bəzi müəssisələrdə, xüsusilə də inteqrasiya təlimli internat tipli gimnaziyalarda təmirə ehtiyac vardır. Xüsusi internat məktəblərində ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlərin müvafiq dərs vəsaitləri ilə təmin edilmədiyini nəzərə alaraq, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üzrə dövlət proqramının, dərslik və dərs vəsaitlərinin hazırlanması və sağlamlıq imkanları məhdud olan şəxslərin həmin vəsaitlərlə təmin olunmasının sürətləndirilməsi tərəfimizdən təklif edilmişdir. Bununla yanaşı, ümumtəhsil internat məktəblərinin fəaliyyətini tənzimləyən əsasnamələrin Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun yenidən işlənib hazırlanması və təsdiq edilməsi təklif olunur. Digər müəssisələrlə yanaşı, tərəfimizdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrə də mütəmadi olaraq başçəkmələr həyata keçirilir, orada saxlanılan yetkinlik yaşına çatmayanların hüquqlarının təmini vəziyyəti araşdırılır. Məlumat üçün bildiririk ki, Ombudsman Aparatının müasir standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası ilə bağlı əvvəlki illərdə irəli sürdüyü təkliflər də nəzərə alınaraq, 2022-ci ildə yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin (Ədliyyə Nazirliyinin tabeliyində olan Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisə (Kompleks)) yeni binası istifadəyə verilib. Hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanların cəmiyyətə inteqrasiyasında təhsilin roluna xüsusi diqqət yetirilməsini vacib hesab edirəm. Penitensiar müəssisələrdə saxlanılan yetkinlik yaşına çatmayanların qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi zəruridir”, - deyə Səbinə Əliyeva qeyd edib.