Fuad Hüseynov BMT QAK-ın sessiyasında Böyük Qayıdış prosesi barədə danışıb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 77-ci sessiyasında çıxış edib.
Azturkxeber.az-ın məlumatına görə, çıxışda dünyada məcburi köçkünlük probleminin mövcud vəziyyəti, Azərbaycanın bu sahədə üzləşdiyi çətinliklər, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də Böyük Qayıdış prosesinin icrası barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası ilə BMT və onun ixtisaslaşmış qurumları arasında uzun illərə söykənən əməkdaşlıq yüksək səviyyədədir. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Fuad Hüseynov Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın uzun illər ərzində genişmiqyaslı məcburi köçkünlük problemi ilə üzləşdiyini diqqətə çatdırıb. Bildirib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bərpası keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli qayıdışı üçün zəruri şərait yaradıb.
Qeyd olunub ki, Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə müəyyənləşdirilmiş milli prioritetlərindən biridir. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və mərhələli qayıdışının, eləcə də dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Prosesin davamlılığının təmin edilməsi və qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixli Sərəncamı ilə Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması tapşırılıb.
Dövlət Komitəsinin sədr müavini həyata keçirilən tədbirlər nəticəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının davam etdiyini, indiyədək 50-yə yaxın yaşayış məntəqəsində 100 minə yaxın əhalinin məskunlaşdığını bildirib. Qayıdışın təmin edilməsi məqsədilə dövlət tərəfindən əhəmiyyətli maliyyə vəsaiti ayrılıb, yaşayış sahələrinin inşası, məşğulluğun təmin olunması və sosial infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Çıxışda işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalara əsaslanan yaşayış məntəqələrinin yaradılmasının əhəmiyyəti də vurğulanıb. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi innovativ yanaşmaların tətbiqi, sosial xidmətlərin təşkili, kənd təsərrüfatının inkişafı və dayanıqlı enerji təminatı baxımından nümunə kimi təqdim olunub.
Qeyd olunub ki, Azərbaycan ərazilərinin minalar və digər partlayıcı qurğularla genişmiqyaslı çirkləndirilməsi bərpa və qayıdış prosesinə ciddi maneə yaradır.
Problemin miqyası nəzərə alınaraq, Azərbaycanın mina təmizləmə fəaliyyətini insan hüquqlarının təmin olunmasının zəruri ilkin şərti hesab etdiyi və humanitar minatəmizləməni özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən bəyan etdiyi vurğulanıb. Bildirilib ki, mina təhlükəsinin aradan qaldırılması keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin edilməsi və azad edilmiş ərazilərdə dayanıqlı inkişafın təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Fuad Hüseynov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də toxunaraq, regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, sülh gündəliyinin həyata keçirilməsi regionun gələcək inkişafı, qarşılıqlı əlaqələrin genişləndirilməsi, eləcə də qaçqın və məcburi köçkün problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxış zamanı Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun inkişafı, sosial xidmətlərin təşkili və keçmiş məcburi köçkünlərin qayıdışının təmin edilməsi sahəsində qazandığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməyə hazır olduğu bildirilib. Qeyd olunub ki, bu sahələrdə tətbiq edilən kompleks yanaşma münaqişədən zərər çəkmiş digər ölkələr üçün də faydalı təcrübə ola bilər.
Bununla yanaşı, Azərbaycanın qaçqınların müdafiəsi, vətəndaşlığı olmayan şəxslərin problemlərinin həlli, sığınacaq sisteminin təkmilləşdirilməsi və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahələrində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirməyə və humanitar məsələlərin həllində beynəlxalq əməkdaşlığı gücləndirməyə sadiq olduğu vurğulanıb.
https://youtu.be/Y1PDc0mfWAk?si=MDujO8aET7Rv99Ii
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: