Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim keçirilir



Ombudsman tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində Lənkəran şəhərində “Bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və inklüzivliyin təşviqi” mövzusunda üçgünlük təlim keçirilir.
Bu barədə Azturkxeber.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ombudsman təsisatı və Avropa Şurasının Bakı Ofisi arasında əməkdaşlıq çərçivəsində təşkil olunan təlim bərabərlik və inklüzivlik dəyərlərinin təşviqi, ayrı-seçkilik, nifrət nitqi və dözümsüzlüyün bütün formalarının qarşısının alınması istiqamətində məlumatlılığın artırılmasına xidmət edir.
Təlimdə Ombudsman Aparatının əməkdaşları ilə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə və hüquq-mühafizə orqanlarının, o cümlədən cənub regionunda fəaliyyət göstərən qurumların nümayəndələri iştirak edirlər.
Təlim çərçivəsində yerli və xarici ekspertlər tərəfindən ayrı-seçkiliyin müxtəlif formaları, nifrət nitqi və ifadə azadlığı, ayrı-seçkilik yaradan narrativlər, eləcə də rəqəmsal mühitdə bərabərlik və inklüzivlik mövzularında təqdimatlar edilir və fikir mübadiləsi aparılır.
Proqramda, həmçinin uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması, əlilliyi olan şəxslərin hüquqlarına insan hüquqları əsaslı və inklüziv yanaşmalar, bərabərlik hüququnun təşviqi və uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təqdimatlar keçirilir.
Təlim zamanı ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə, zərərli stereotiplərin və ayrı-seçkilik xarakterli narrativlərin müəyyənləşdirilməsi və qarşısının alınması, həmçinin bərabərlik, inklüzivlik və sosial həmrəyliyi təşviq edən kommunikasiya vasitələrinin hazırlanması ilə bağlı praktiki müzakirələr aparılır.
Təlim iştirakçıların ayrı-seçkiliyin müxtəlif formalarının müəyyənləşdirilməsi və qarşısının alınması, eləcə də bərabərlik və inklüzivliyin təşviqi istiqamətində bilik və bacarıqlarının artırılmasına yönəlib.
Təlim 15–17 sentyabr 2026-cı il tarixlərində keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: