RSXM-nin baş direktoru Özbəkistanda səfərdədir



Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişli Özbəkistan Respublikasının Elmlər Akademiyasının G.O. Mavlonov adına Seysmologiya İnstitutunun təşkilatçılığı ilə 08-12 sentyabr 2026-cı il tarixlərində Daşkənd şəhərində keçirilən işçi görüşlərdə iştirak etmək üçün Özbəkistanda səfərdədir.
Azturkxeber.az xəbər verir ki, səfərin məqsədi Özbəkistan Respublikası Elmlər Akademiyasının Seysmologiya İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn perspektivli elmi əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsi, seysmologiya, seysmoloji monitorinq, seysmogen proseslərinin öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eləcə də zəlzələlərin proqnozlaşdırılması sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə müzakirələrin aparılmasıdır.
Səfəri çərçivəsində AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli sentyabrın 9-da Özbəkistan Respublikasının Elmlər Akademiyasının G.O. Mavlonov adına Seysmologiya İnstitutunun direktoru, geologiya-mineralogiya elmlər doktoru, professor Vaxitxan İsmailovla görüşüb.
Görüşdə Azərbaycan və Özbəkistan Respublikalarının qardaş və müttəfiq ölkələr olduğu qeyd edilərək hər iki ölkənin seysmoloji mərkəzləri arasında geniş əməkdaşlığın mövcud olduğu vurğulanıb. Bildirilib ki, hər iki ölkənin müvafiq qurumları, eləcə də seysmoloji mərkəzləri arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə mühüm addımlar atılır.
Hazırda Özbəkistan və Azərbaycan Respublikaları arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən tərəflər Azərbaycan və Özbək xalqlarının qardaş xalqlar olduğunu qeyd ediblər. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan seysmoloqlarının birgə əməkdaşlığı həm ikitərəfli qaydada, həm də beynəlxalq seysmoloji təşkilatlar çərçivəsində davam etdirilir.
Qeyd edək ki, 24-28 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən Gənc Seysmoloqların Yay məktəbində AMEA nəzdində RSXM-nin gənc alim və mütəxəssisləri iştirak edərək məruzələrlə çıxış ediblər. Keçirilən görüşdə belə tədbirlərin keçirilməsinin gənc seysmoloqlar arasında qarşılıqlı təcrübə mübadiləsinin artırılması baxımından olduqca əhəmiyyətli olduğu qeyd olunub. Həmçinin yaxın vaxtlarda RSXM-nin daha bir qrup əməkdaşı Özbəkistana səfər edərək qardaş ölkənin seysmoloqları ilə birgə təcrübə mübadiləsi aparacaqlar. Görüşdə birgə elmi tədqiqatların aparılması, məlumat mübadiləsi və beynəlxalq layihələrdə birgə iştirak etməklə bağlı da razılaşma əldə olunub.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub və xatirə şəkili çəkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: