azturkxeber.az
http://azturkxeber.az

Alimlər: Holosen dövründə insanlar on minlərlə dildə danışıblar

28-07-2026

Alimlər: Holosen dövründə insanlar on minlərlə dildə danışıblar

Hazırda insanlar qlobal miqyasda təxminən 7500 dildən istifadə edirlər. Bunlardan ən çox yayılanlar ingilis, Çin, hind, ispan, ərəb və fransız dilləridir. Bu, çoxlu dil deməkdir. Lakin tarixən ən yüksək rəqəmdən çox uzaqdır.

Dillərin tarixi ilə bağlı uzun illər tədqiqat aparan alimlər bu qənaətə gəliblər.

Tədqiqatçılar təxminən 12000 il əvvəl, Buz dövrünün sonuna qədər olan və Holosen dövrünü əhatə edən qlobal miqyasda istifadə olunan dillərin sayını təxmin etmək üçün riyazi modelləşdirmə, antropologiya, dilçilik və demoqrafiyadan əldə olunan məlumatlardan istifadə ediblər. Onlar bəşəriyyətin on minlərlə fərqli dildə danışa biləcəyi eramızdan əvvəl birinci minillik və eramızın birinci minilliklərini əhatə edən dövrü müəyyən ediblər.

Alimlər, həmçinin həmin linqvistik “qızıl dövr”dən bəri ciddi geriləmənin olduğunu qeyd ediblər. Bu, qədim dövrlərdə böyük imperiyaların genişlənməsi və son bir neçə əsrdə Avropa müstəmləkəçiliyi kimi amillərin təsiri altında dillərin dəyişdirilməsi ilə əlaqədardır.

Konnektikutdakı Yel Universitetinin dilçilik və antropologiya professoru, “Science” jurnalında dərc olunmuş tədqiqatın rəhbəri Kler Bouern bildirib: “Dillər insanların yaşadıqları icmalar üçün dərin məna daşıyır, bilik, assosiasiya və xatirələri ehtiva edir. Onlar keçmiş haqqında, insanların harada yaşadıqlarından tutmuş nə ilə qidalanmalarına və nədən danışdıqlarına qədər alimlər üçün çoxlu məlumat daşıyır. Dillər, həmçinin insan zehninə bir pəncərə açır”.

İbtidai icma dövründən bəri bir çox dil ailəsi yaranıb və təkamül edib, yazılı dil isə əvvəlcə Mesopotamiyada - mixi yazı ilə yazılmış şumer dilində eramızdan əvvəl IV minillikdə, sonralar Misir, Çin və Mezoamerika kimi yerlərdə ayrı-ayrılıqda ortaya çıxıb.

“Biz bir neçə min il əvvələ qədər bəşəriyyətin bu gün bildiyimizdən daha müxtəlif mədəni dünyada yaşadığını nadir hallarda qiymətləndiririk”, -deyə tədqiqatın aparıcı müəllifi, İspaniyadakı Katalan İnstitutunun antropoloqu Demien Blasi bildirib.

Tədqiqatçılar qeyd ediblər ki, çox yaxın vaxtlara qədər dil saylarına dair birbaşa dəlil olmayıb. Antik dövrdən qalma son dərəcə qeyri-müəyyən qeydlərə etibar etmək mümkün deyil. Lakin dillər və cəmiyyətlər arasındakı əlaqələr haqqında çoxlu məlumat zamanla dilin müxtəlifliyinin simulyasiya modelini yaratmaq üçün bir neçə fərziyyədən istifadə etməyə imkan verir.

Alimlər Holosen dövrünün əvvəlinə yaxın hər biri ayrı-ayrı dilləri təmsil edən etnolinqvistik qrupların ölçüsünü qiymətləndirmək məqsədilə Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiyada mövcud olan 171 ovçu-yığıcı icmasını əhatə edən məlumatlardan istifadə ediblər. Onlar bu prosesdə həmin dövrdəki əhali sayının hesablamaları ilə müqayisə aparıblar.

Qeyd olunub ki, insanlar dünyanın hər yerində kiçik qruplar halında səpələnmiş halda, köçəri ovçu-yığıcı icmalarında yaşayırdılar, amma əkinçiliyin başlanması, daimi yaşayış məskənlərinin və daha mürəkkəb mədəniyyətlərin yaranması ilə vəziyyət dəyişib. Tədqiqatçılar təxminən 12000 il əvvəl səpələnmiş əhalinin təxminən 4500 ilə 6200 dildə danışdığını təxmin edirlər. Sonrakı minilliklərdə qlobal miqyasda əhali tədricən artdıqca və insan cəmiyyəti dəyişdikcə, dillərin sayı da çoxalıb. Çoxsaylı böyük və kiçik dillər yaranıb və şoradan yox olub. Bu nümunələrə şumer, hett, akkad və etrusk, qədim Misirdə və Çində istifadə edilən müxtəlif dillər daxildir.

Alimlər bildiriblər ki, qədim dillər yenilərinə çevrilə bilər. Belə ki, qədim Romanın dili olan latınca Qərbi Roma İmperiyasının eramızın 476-cı ildə süqutundan sonrakı əsrlərdə fransızca, italyanca və ispanca da daxil olmaqla müxtəlif dillərə çevrilib.

Müstəmləkə gücləri tez-tez linqvistik imperializm qaydaları tətbiq edib. Məsələn, İngiltərə İrlandiyada irland dilinə qarşı sərt tədbirlər görürdü, İspaniya Amerikada, Portuqaliya isə Braziliyada yerli dilləri qadağan edirdi. Digər nümunələrə Fransanın Afrika koloniyalarında fransız dilini təyin etməsi və Yaponiyanın Koreyada yerli dili sıxışdırması daxildir. Bəzi dillər tarixin bu sınaqlarından çıxa bilib. Məsələn, ink, mayya və astek dilləri ispanların sıxışdırma səylərinə rəğmən günümüzə qədər gəlib çatıb.

Alimlərin qənaətinə görə, bu gün istifadə olunan dillərin təxminən yarısı yox olmağa yaxındır. Belə ki, planetimizin əhalisinin 90 faizi dünya dillərinin 10 faizində danışır. Bu səbəbdən dillərin sıradan çıxması prosesi davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031