Magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir




Dövlət Sərhəd Xidmətinin Akademiyasında magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.
Tədbirdən əvvəl iştirakçılar Akademiyada yerləşən “Heydər Əliyev guşəsi”ni ziyarət etmiş, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzmüşlər.
Döyüş Bayrağının mərasim yerinə gətirilməsindən sonra Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin sərhəd mühafizəsi sisteminin davamlı inkişaf etdiyini, Dövlət Sərhəd Xidmətinin Akademiyasında isə peşəkar və hərtərəfli hazırlığa malik zabit kadrlarının yetişdirilməsi üçün zəruri şəraitin yaradıldığını, bu sahəyə daim böyük önəm verildiyini qeyd etmişlər.
Bildirilmişdir ki, Akademiyanın magistratura pilləsinin məzunları təhsil müddəti ərzində nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnərək peşəkar sərhədçi zabit kimi formalaşmış, dövlət sərhədlərinin etibarlı mühafizəsi işinə öz töhfələrini verməyə hazır olduqlarını nümayiş etdirmişlər.
Çıxışlardan sonra magistratura pilləsini müvəffəqiyyətlə başa vurmuş 7 məzuna diplomları təqdim edilmişdir. Onlardan 5 nəfəri tədrisi fərqlənmə ilə bitirərək yüksək hazırlıq səviyyəsi göstərmişlər.
Məzunlar göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərinin keşiyində şərəflə dayanacaqlarına əminlik ifadə etmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: