azturkxeber.az
http://azturkxeber.az

“Toxumçuluq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

10-07-2026

“Toxumçuluq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

Milli Məclis “Toxumçuluq haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Bu məsələ parlamentin iyulun 10-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Müzakirələr zamanı qeyd edilib ki, ölkəmizdə dayanıqlı olmayan kənd təsərrüfatı üsullarının tətbiqi nəticəsində resurs ehtiyatlarının sıradan çıxması, habelə qlobal iqlim dəyişikliklərinin mənfi təsirləri fonunda artan əhalinin ərzaqla təmin edilməsi mühüm vəzifə kimi qarşıda durur. Ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçilik məhsullarının istehsalı xüsusi yer tutur ki, bunun üçün də fermerlərin keyfiyyətli toxumla təminatı həlledici əhəmiyyət daşıyır. Toxum istehsalının inkişaf etdirilməsi istehsal xərclərini azaldır, bitkiçilik məhsullarının iqtisadi səmərəliliyini və əlçatanlığını artırır, idxala sərf olunan vəsaitin ölkədə qalmasına imkan verir.

Layihə müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Layihəyə toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar isə mahiyyətinə uyğun olaraq dəqiqləşdirilir.

Toxumçuluğun məqsəd və prinsipləri ətraflı şəkildə müəyyən edilib, sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, layihədə toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur, toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, habelə toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Layihədə nəzərdə tutulan yeniliklərdən biri də məhz elektronlaşma ilə bağlıdır. Belə ki, toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin (toxum əməliyyatçılarının) qeydiyyatının elektron şəkildə aparılması prosesin operativliyinin təmin edilməsi baxımından mühüm amildir. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.

Qanun layihəsi həm də toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. Belə ki, qüvvədə olan qanuna əsasən yüksək nəsilli toxumlar kvota əsasında istehsal edilirdi ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabəti əngəlləyirdi. Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafına şərait yaradacaq.

Keyfiyyət və beynəlxalq uyğunluq baxımından kənd təsərrüfatı bitki sortlarının toxumlarının kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılaraq artırılma mərhələsindən asılı olaraq orijinal, elit və sertifikatlı toxum (C1, C2 və birinci nəslin hibrid toxumları) kimi müəyyən edilir, sertifikatlaşdırılmış toxumların etiketində toxuma aid tam və detallı məlumatların əks olunması tələbi isə toxum marketinqi sahəsinin inkişafına təkan verir. Eyni zamanda, hüquqi və fiziki şəxslərə yalnız öz əkinlərində təsərrüfat sınağı məqsədilə Dövlət Reyestrinə daxil edilməmiş bitki sortlarının toxumlarını idxal etmək imkanı verilməsi yeni sortların təsərrüfat şəraitində sınaqdan keçirilməsi və yararlılığının qiymətləndirilməsi üçün əlavə şərait yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031