Sahibə Qafarova: Milli Məclisin qanunvericilik fəaliyyətinin əhəmiyyətli hissəsi rəqəmsal idarəetmənin və elektron hökumətin inkişafına həsr olunub

Azərbaycan Milli Məclisi rəqəmsal innovasiyalar üçün hüquqi bazanın möhkəmləndirilməsi və eyni zamanda hüquqi müəyyənliyin təmin edilməsi istiqamətində aktiv fəaliyyət göstərir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu" mövzusunda keçirilən yüksək səviyyəli dialoqda çıxışı zamanı Azərbaycanda rəqəmsal idarəetmənin inkişafı haqqında məlumat verərkən deyib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin əlaqələndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. O, deyib ki, Şuraya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sədrlik edir.
Qeyd olunub ki, Azərbaycan parlamentinin qanunvericilik fəaliyyətinin əhəmiyyətli hissəsi rəqəmsal idarəetmənin və elektron hökumətin inkişafına həsr olunub. Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir, mövcud qanunvericilik isə texnoloji tərəqqiyə və idarəetmə sahəsində yaranan yeni tələblərə uyğun olaraq mütəmadi şəkildə təkmilləşdirilir.
Hazırda həyata keçirilən qanunvericilik islahatları çərçivəsində milli qanunvericiliyə rəqəmsal texnologiyalar, innovativ məhsullar və texnologiya transferi kimi anlayışların daxil edildiyini bildirən spiker Sahibə Qafarova qeyd edib ki, süni intellektin hüquqi statusu müəyyənləşdirilir, həmçinin rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlər üçün uzunmüddətli vergi güzəştləri nəzərdə tutulur. Onun sözlərinə görə, bu islahatlar bir daha göstərir ki, rəqəmsal transformasiya sürətlə inkişaf edən texnologiyalara çevik cavab verə bilən, ardıcıl və gələcəyə yönəlmiş hüquqi çərçivənin formalaşdırılmasını tələb edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: